Rusiya nüvə fəlakəti ilə bağlı xəbərdarlıq etdi

Rusiya nüvə fəlakəti ilə bağlı xəbərdarlıq etdi BMT Təhlükəsizlik Şurasının İrandakı vəziyyətlə bağlı təcili iclasında Rusiya sərt çıxışla yadda qalıb. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, ABŞ regionda vəziyyəti daha da gərginləşdirir və öz hegemonluğunu qorumaq naminə istənilən cinayəti törətməyə hazırdır.

Nebenzya çıxışında Vaşinqtonun İranın nüvə infrastrukturuna zərbələrinin son dərəcə təhlükəli nəticələr doğuracağını vurğulayıb.

"Son on gün ərzində MAQATE rəhbəri Rafael Qrossi dəfələrlə xəbərdarlıq edib ki, İranın atom obyektlərinə endirilən zərbələr nəinki İslam Respublikasında, bütün region və dünya üçün ağır nəticələrə səbəb ola bilər. Lakin görünür, ABŞ-ı nə mümkün radiasiya təhlükəsi, nə də yüzminlərlə mülki vətəndaşın həyatı maraqlandırır", – deyə Rusiya təmsilçisi bildirib.

Nebenzya əlavə edib ki, ABŞ-ın son hücumları “Pandoranın qutusunu açıb” və əgər gərginlik azaldılmasa, dünya nüvə fəlakətinə bir addım daha yaxın olacaq.
Diplomatın sözlərinə görə, İranın nüvə obyektlərinə hücumlar beynəlxalq nüvə silahlarının yayılmaması rejiminə ciddi zərbə vurur və beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır.

O, MAQATE-yə istinad edərək qeyd edib ki, İsrail 20 iyun tarixində Natanzdakı nüvə zavoduna hücum edib. Bu zavodda uran 60%-ə qədər zənginləşdirilirdi – halbuki “silah səviyyəsi” üçün 20% kifayət edir.

Qeyd edək ki, bu çıxış İranın tələbi ilə çağırılmış BMT iclasında səsləndirilib. Təhlükəsizlik Şurasında vəziyyətlə bağlı müzakirələr davam edir.

Tehsil-press.az

Oxşar xəbərlər