
I və IV ixtisas qrupları üzrə ixtisas seçiminə buraxılmaq üçün müəyyən bal tələbləri və xüsusi şərtlər mövcuddur.
Bu tələblər həm dövlət sifarişi, həm də ödənişli əsaslarla ayrılmış yerlər üzrə fərqlilik göstərə bilər.
Eyni zamanda bəzi ixtisaslar üzrə əlavə fənn tələbləri və minimal bal hədləri tətbiq olunur.
Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, aşağıda qeyd olunan məlumatlar, 2025-ci il qəbul kampaniyasında I və IV ixtisas qrupları üzrə ixtisas seçiminə kimlərin buraxıldığını və hansı şərtlərlə iştirak edə biləcəyini ətraflı şəkildə izah edir.
I ixtisas qrupu üzrə:
Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
- “Riyaziyyat”, “Fizika” və “Kompüter elmləri” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;
- Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti və Türkiyə-Azərbaycan Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
- Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
-Meliorasiya mühəndisliyi;
-Texnologiya müəllimliyi;
-kologiya mühəndisliyi.
- Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:
- Aqromühəndislik;
-Aqronomluq;
-Balıqçılıq;
-Meşəçilik;
-Şərabçılıq;
-Torpaqşünaslıq və aqrokimya;
-Yerquruluşu və daşınmaz əmlakın kadastrı;
-Zoomühəndislik.
IV ixtisas qrupu üzrə:
Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
- Dövlət ali təhsil müəssisələrinin (Sumqayıt Dövlət Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
- Aşağıda qeyd olunan ixtisas üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
-Ekologiya.
Aşağıda qeyd olunan ixtisas üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:
-Bağçılıq və tərəvəzçilik;
-Baytarlıq təbabəti;
- Bitki mühafizəsi;
-Su bioehtiyatları və akvakultura.
Tehsil-press.az