2025/2026-cı tədris ili üçün xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanan 356 nəfərdən 46-sı BDU məzunudur. Onlardan 23-ü Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, 18-i Amerika Birləşmiş Ştatları, 2-si Sinqapur Respublikası, 1-i Avstraliya İttifaqı, 1-i İtaliya Respublikası, 1-i isə İsrailin məşhur universitetlərində təhsil alacaq.
BDU məzunları tərəfindən üstünlük verilən əsas ixtisas istiqamətləri hüquq və hüquqşünaslıq (o cümlədən beynəlxalq hüquq, korporativ hüquq, bank və maliyyə hüququ, əqli mülkiyyət və texnologiya hüququ, beynəlxalq arbitraj və mübahisələrin həlli), dövlət siyasəti və idarəçiliyi, maliyyə və iqtisadiyyat, kompüter elmləri və analitika (verilənlər elmi, tətbiqi statistika, tədris analitikası və kiber təhlükəsizlik mühəndisliyi), biotexnologiya və biotibbi mühəndislik, qrafik dizayn, eləcə də hesablama və tətbiqi riyaziyyatdır.
2026-cı il üzrə QS dünya reytinqinə əsasən məzunlarımızın 14-ü ilk onluqda, 25-i ilk iyirmilikdə, 44 nəfəri isə ilk yüzlükdə qərarlaşan ali təhsil müəssisələrində təhsillərini davam etdirəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir.
Tehsil-press.az