Rumıniyanın Petre Andrei Universitetinin nümayəndə heyəti ADU-nun qonağı olub

Rumıniyanın Petre Andrei Universitetinin nümayəndə heyəti ADU-nun qonağı olub Aprelin 20-də Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soaren və bu ölkənin Yassı şəhərindəki Petre Andrei Universitetinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan və Ruminiya arasında dostluq və tərəfdaşlıq münasibətləri yüksək səviyyədədir, bu münasibətlər özünü iqtisadi, mədəni, humanitar sahələrdə də göstərməkdədir. Rumıniyanın ən qədim universiteti olan Aleksandr İohan Kuzi adına Yassı Universitetində Azərbaycan Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. Rumiyanın ölkəmizdəki səfirliyi ilə ADU arasında mövcud olan səmərəli əməkdaşlıqdan danışan akademik Kamal Abdulla bildirib ki, bu əməkdaşlıq elm, mədəniyyət və təhsil sahəsində uğurla davam edir, universitet gələcəkdə əlaqələrin daha da genişlənməsində maraqlıdır.

Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirən Ruminiya səfiri ADU ilə əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ölkələr arasında elmi, mədəni əlaqələrin inkişafı istiqamətində bir sıra mühüm işlər görülür.

Rumıniyanın Yassı şəhərindəki Petre Andrei Universitetinin rektoru Sorin Bokança iki ölkə arasında olan əlaqələrin yüksək səviyyədə olmasını diqqətə çatdırıb. Qeyd olunub ki, bu görüş iki universitet arasında qarşılıqlı əməkdaşlığın başlanğıcı üçün vacib addımdır. Ötən il Petre Andrei Universitetində tarix, mədəniyyət və siyasəti əks etdirən “Polis” elmi jurnalının Azərbaycana həsr olunmuş xüsusi nəşrinin təqdimatı keçirilib.

“Bizim gələcəklə bağlı müxtəlif istiqamətli planlarımız böyükdür. Azərbaycan Dillər Universiteti ilə münasibətlərimizin geniş müstəvidə inkişafı prioritet istiqamətdir”, - deyən rektor ADU nünayəndələrini may ayında keçiriləcək beynəlxalq konfransa dəvət edib.

Görüş zamanı ADU-nun Petre Andrei Universiteti ilə sıx əməkdaşlıq etməsi, qarşılıqlı elmi layihələrin həyata keçirilməsi, müəllim-tələbə mübadilə proqramlarının həyata keçirilməsi ətrafında fikir mübadilələri aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər