Ucardakı hadisə dəhşətə gətirir: Körpələr ölə bilər — AÇIQLAMA

Ucardakı hadisə dəhşətə gətirir: Körpələr ölə bilər — AÇIQLAMA Ucarda yeniyetmə qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işinin açılması cəmiyyətdə müzakirələrə səbəb olub. Yeniyetmə yaşda baş verən hamiləliklər çox vaxt ciddi risklərlə müşayiət olunur. Həm ana orqanizminin tam formalaşmaması, həm də psixoloji hazırlığın yetərli olmaması bu vəziyyəti daha da çətinləşdirir.

Məsələ ilə bağlı həkim Rəşqd Sultan bildirib ki, 20 yaşdan aşağı hamiləliklər tibbdə riskli hamiləliklər kateqoriyasına aid edilir:

"Bunun əsas səbəbi bu yaş dövründə orqanizmin hələ tam formalaşmaması və hormonal sistemin sabit olmamasıdır. Bu halda vaxtından əvvəl doğuş ehtimalı daha yüksək olur. Vaxtından əvvəl doğuş isə həm yeni doğulan körpələrdə ölüm riskinin artmasına, həm də uzunmüddətli sağlamlıq problemlərinin yaranmasına səbəb olan əsas faktorlardan biridir.

Buna görə də biz həkim-ginekoloqlar 20 yaşdan aşağı hamiləliklərə xüsusi risk qrupu kimi yanaşır və ümumilikdə bunu tövsiyə etmirik. Çünki bu yaşda hamiləlik həm ana, həm də körpə üçün əlavə ağırlaşmalarla nəticələnə bilər".

Həkim deyib ki, məsələ yalnız vaxtından əvvəl doğuşla məhdudlaşmır:

"Gənc yaşda olan analarda qan azlığı, yüksək təzyiq, toksikoz kimi hamiləlik fəsadlarına daha çox rast gəlinir. Eyni zamanda, dölün inkişafında geriləmələr və doğuş zamanı müxtəlif ağırlaşmalar da daha tez-tez müşahidə olunur. Psixoloji baxımdan da bu yaş dövründə hamiləlik ciddi yük yarada bilər, çünki həm fiziki, həm də emosional hazırlıq tam formalaşmamış olur",- deyə o bildirib.

Yəni, 20 yaşı tamam olmayan qızların uşaq dünyaya gətirməsi həm öz həyatları, həm də körpənin gələcək sağlamlığı üçün çox böyük risklər yaradır.

Ucarda baş verən bu hadisə həm də hüquqi müstəvidə ciddi qanun pozuntusu hesab olunur. Mövcud qanunvericiliyə əsasən, ölkəmizdə erkən nikahlar qəti şəkildə qadağandır və 18 yaşı tamam olmayan şəxslərin ailə qurmasına icazə verilmir. Bu cür hallar uşaq hüquqlarının kobud şəkildə pozulması ilə yanaşı, həm də gənc qızların gələcəyini və sağlamlığını birbaşa təhdid edir.

Tehsil-press.az

Oxşar xəbərlər