
Mövzuyla bağlı polemikalar, diskussiyalar, debatlar və sair bu kimi söhbətlər başlayırdı.
Mütləq kimsə deyirdi ki, onlar çoxdan alışıb-verişmişdilər, bir gün belə olacağı bəlliydi.
Başqa biri aydırırdı ki, qızı başqasına nişanlayacaqmışlar, ona görə oğlan cəld tərpənib.
Başqa biri qızın ailəsinin höcətlik etdiyi, qızı oğlana vermək istəmədiyi, bu üzdən gənclərin qəti addım atdıqlarını deyirdi.
Oğlanın böyük qardaşı subay-salıq qaldığı halda qız qaçırması qızmışlığa yozulurdu.
Qızın qardaşları camaatın içində and içirdilər ki, gədəni tutsalar, qanına bulaq edəcəklər.
Kimsə də onlara təpinirdi ki, ağıllı olun ə, bacınız özü qoşulub qaçıb. “Bir qız bir oğlanındır” deyənlər tapılırdı. Daldada “düyə göz eləməsə...” zərbül-məsələni yada salıb hırıldaşanlar olurdu.
Əslində qız qaçıran oğlan o qədər də tədbirsiz olmazdı ki, qaçırdığı qızı öz evinə gətirsin və qız tərəfinin adamları hücum edərək qırğına çıxsınlar. Adətən, oğlan qaçırdığı qızı uzaq kənddə yaşayan əsgər yoldaşının və ya atasının kirvəsinin evinə aparardı.
Bu cür hadisələrin bir mühüm məqamı vardı ki, indiki dildə desək, qızı öz iradəsinin əleyhinə qaçırmırdılar. Hətta hökumətin qorxusundan qızdan “özüm gönüllü gəlmişəm” məzmunlu iltizam alırdılar və qızın ailəsi qırmızı papaqlıları götürüb qız qaçıran oğlanın üstünə gedəndə oğlan kağızı çıxarıb göstərir, sudan quru çıxırdı. Yəni yüngülvarı xərclə. Ta hökumət adamları o boyda yol gəlib, qayıdanda bir kababçıda oturub ailə quracaq gənclərin sağlığına yüz-yüz vurmasınlarmı?
Nadir hallarda “könülsüz gedən qızın ağlamaqdır peşəsi” hadisəsi da olurdu. Heç demə, qızın oğlana müəyyən qədər könlü olsa da, hələ oxumaq istəyirmiş. Amma artıq gecdir, ox yaydan çıxıb. “Eybi yoxdur, sonra oxuyarsan” vədi ilə ovundurulan qız bir daha heç vaxt oxumaq söhbəti etməzdi. Külfət basardı, bir də görərdi ki, uşaqları dərsə aparır.
Heç ola bilməzdi ki, hansısa ailə qaçırılmış qızı oğlanın əlindən alıb geri qaytarsın. Mentalitet buna yol vermirdi. Qaçırılıbsa, iş bitib, qalmalıdır. Sadəcə, bu halda ailələrarası barışıq uzun çəkirdi. Uzun deyəndə, 1 il. Qızqaçırma hadisəsinin ili tamam olmamış xəbər çıxırdı ki, filankəsin oğlu (və ya qızı) olub, o zaman əvvəlcə qız anası sülhməramlı danışıqlara başlayırdı, çox çəkmədən ailələr yeni doğulmuş nəvənin ətrafında sülh sazişi bağlayırdılar.
1 il əvvəl yeznələrini tutub qanına bulaq edəcəklərinə and içən qayınlar bir qoyun da götürüb bulaq üstünə gedir, kabab bişirir, yeznələrin sağlığına araq içirdilər. Hərçənd sərxoş olandan sonra “bilirsən də, yeznə nəyə deyirlər” deyə məzələnmə epizodları da olurdu.
İndi elə çıxmasın ki, müəllif bu hadisələrə nostalji ilə yanaşır. Əsla.
Bu, keçmişdən qalmış ən zərərli, vəhşiyana adətlərdən biriydi. Düzdür, bəzən inadkar valideynlər evlənmək istəyən gənclərin həyatına qarışır, onlara başqa yol buraxmırdılar, amma yenə də bu, optimal yol deyildi.
Hazırda isə hadisənin adı çox düzgün qoyulub: adam oğurluğu. Maddəsi çox ağırdır. Hətta iş-işdən keçibsə, gədəyə zorlama maddəsi də verə bilərlər. Ondan sonra di gəl adam içinə çıx, görüm.
Çox adam sırf o maddənin qorxusundan qara bağrına daş basır, istədiyi qızı qaçıra bilmir. Zəhmi çox ağırdır o maddənin. Adam başa düşür ki, arvad alıb xoşbəxt olduğu deyil, şikayət edər, tutdurarlar, üstəlik, içəridə başına pis işlər gələr.
Amma yenə də arsız adamlar tapılır. O gün birini Zərdabda tutublar. Keçən ilə hətta ata və oğulları bir qızı prinsipə qaçırmışdılar. Əgər türmədən canlarını qurtarıblarsa, demək, ya qapıda mələyən hər şeyi satıblar, ya da gəlin gətirmək istədikləri evi bütöv.
Rayon yerlərində bu adəti yaşatmağa çalışan adamlar var. Amma nahaq yerə. Hələ bir azdan daha pis olacaq, qız qaçıranlarla yanaşı, qızı qaçırmaqla hədələyənləri də tutacaqlar.
Salamatı odur ki, məsələyə şair Füzuli kimi yanaşmayasan. Leyli-Məcnun zəmanəsi deyil. Vermirlər və ya qız gəlmir, özü bilsin, variantlar çoxdur.
Böyük sənətkarımız Üzeyir bəy hələ 115 il əvvəl Məşədi İbadın nümunəsində bu məsələyə möhür vurub: “O olmasın, bu olsun”.
Zatən, 100-də 90 halda bu eşq-məhəbbətin axırı “səni mənə calayanın atasına lənət”lə və “sənə gəldiyim günə daş düşəydi” ilə bitəcək.
Belə olacaqsa, adam oğurluğuna görə türmədə yatmaq və ya soğan kimi soyulmaq ağıllı hərəkət deyil.
Tehsil-press.az