Polimer Materialları İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası “Şanlı zəfərin beş ili” adlı tədbir keçirib

Polimer Materialları İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası “Şanlı zəfərin beş ili” adlı tədbir keçirib 4 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) “Şanlı zəfərin beş ili” adlı tədbir keçirib. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə institutun elmi katibi kimya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Arzumanova açıb. 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin milli tariximizin ən şərəfli hadisələrindən biri olduğunu, Azərbaycan xalqının Zəfərin beş illiyini böyük qürur hissi ilə qeyd etdiyini bildirib.

Sonra GAMŞ-ın üzvü, Nanopolimer kompozitlər laboratoriyasının aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru, dosent Türkan Quliyeva çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədi ilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etdiyini, noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərini azad etdiyini qeyd edib.

Daha sonra GAMŞ-ın üzvü, Xüsusi təyinatlı oliqomerlər və polimerlər lаbоrаtоriyаsının elmi işçisi Gülgün Xanbabayeva da Zəfər Günu ilə bağlı çıxış edib. O bildirib ki, 2020-ci il 8 noyabrda əldə etdiyimiz Zəfər Azərbaycan tarixinin ən şanlı səhifəsidir. Bu tarix ən yeni və bütöv Azərbaycanın doğum tarixidir. 17 il Prezident kimi bu Zəfərə doğru inam və qətiyyətlə çalışan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin 44 gün ərzində düşməni və onun havadarlarını darmadağın etdiyini vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər