Qlobal təhlükəsizlik balansı: nüvə ritorikasının yenidən canlanması və yeni güc mərkəzlərinin formalaşması

Qlobal təhlükəsizlik balansı: nüvə ritorikasının yenidən canlanması və yeni güc mərkəzlərinin formalaşması XX əsrin ikinci yarısında beynəlxalq münasibətlər sisteminin dayaqlarından biri olan nüvə silahı məsələsi yenidən qlobal gündəmin mərkəzinə qayıdır. ABŞ-da Donald Trampın bəyanatları və Rusiya tərəfindən "Burevestnik" və "Poseydon" kimi yeni nəsil strateji silahların sınaqları beynəlxalq təhlükəsizlik arxitekturasında sabitliyin pozulduğunu göstərir.

Bu proseslər nüvə sınaqlarının və silahlanma yarışının yenidən aktuallaşmasına gətirib çıxarır. ABŞ və Rusiya arasında “soyuq müharibə” dövründə formalaşmış strateji balans artıq əvvəlki kimi sabit deyil. Vaşinqtonun tənqidçiləri haqlı olaraq qeyd edirlər ki, nüvə sınaqlarının bərpası texnoloji motivlərdən daha çox siyasi mesaj xarakteri daşıyır. Hər bir belə addım digər dövlətlərə “icazə siqnalı” verir və nəticədə Çin, Hindistan, Pakistan kimi ölkələr də öz nüvə potensiallarını yenidən aktivləşdirməyə meylli ola bilərlər.

Rusiya tərəfdən təqdim edilən "Burevestnik" raketi və "Poseydon" pilotsuz sualtı aparatı, əslində, Moskvanın Qərbin raketdən müdafiə sistemlərinə cavabıdır. Hər iki silahın əsas məqsədi “qarşılıqlı məhvetmə balansı”nı bərpa etmək və potensial rəqibin strateji üstünlüyünü neytrallaşdırmaqdır. Bu, Rusiya üçün təkcə hərbi deyil, həm də siyasi prestij məsələsidir.

Eyni zamanda, ABŞ-da Tramp administrasiyasının militarist ritorikası Avropanı da daha aktiv şəkildə silahlanmağa sövq edir. Avropa İttifaqı uzun illər “yumşaq güc” konsepsiyası ilə fəxr edirdisə, indi getdikcə “sərt güc” reallığına qayıdır. Almaniya və Fransa müdafiə sənayesinə milyardlarla avro sərmayə yatırır, lakin əsas problem – Avropanın birləşmiş strateji iradəsinin olmamasıdır. Bir çox ekspertlərin qeyd etdiyi kimi, Avropa nəhəng iqtisadi gücə malik olsa da, siyasi baxımdan hələ də monolit deyil.

Bu fonda, Macarıstanın baş naziri Viktor Orbanın təşəbbüsləri xüsusi diqqət çəkir. O, Avropa diplomatiyasında “danışıqlar platformasının bərpası” xəttini müdafiə edir. Budapeştin Tрамп və Putin arasında mümkün görüş üçün təklif olunan məkan kimi seçilməsi təsadüfi deyil. Orban özünü Qərblə Rusiya arasında körpü rolunda görür və hesab edir ki, münaqişənin dərinləşməsi deyil, dialoq Avropanın xilas yoludur.

Digər tərəfdən, Asiya istiqamətində də geosiyasi dinamika dəyişir. Trampın Asiyaya səfəri fonunda ABŞ-ın bölgədəki ənənəvi müttəfiqləri – Yaponiya və Cənubi Koreya – artıq Vaşinqtonun təhlükəsizlik zəmanətlərinə əvvəlki kimi arxayın deyillər. Tokioda hətta nüvə silahı əldə etmə məsələsi açıq şəkildə müzakirə olunur, bu isə regionun təhlükəsizlik sistemində kəskin dönüş yarada bilər.

Yaponiyanın yeni baş naziri Sanai Takai, daxili siyasətdə konservativ, beynəlxalq arenada isə güclü dövlət kursuna üstünlük verir. Onun liderliyi altında Yaponiya “sakit diplomatiyadan” “sərt milli realizmə” keçir. Bu, həm Çin, həm də Koreya ilə münasibətlərdə yeni mərhələnin başlanğıcı ola bilər.

Ümumilikdə, hazırkı qlobal mənzərə göstərir ki, beynəlxalq münasibətlər sistemi postbipolyar dövrdən çıxaraq çoxqütblü, lakin qeyri-sabit bir mərhələyə qədəm qoyur. ABŞ-ın nüfuzu azalsa da, hələ də əsas güc mərkəzlərindən biridir. Çin iqtisadi və diplomatik baxımdan “məsuliyyətli güc” obrazını formalaşdırmağa çalışır. Rusiya isə texnoloji və hərbi yeniliklərlə Qərbin strateji təzyiqlərinə cavab verir.

Cavid Məmmədzadə,
Siyasi şərhçi

Qlobal təhlükəsizlik balansı: nüvə ritorikasının yenidən canlanması və yeni güc mərkəzlərinin formalaşması


Tehsil-press.az

Oxşar xəbərlər