"Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişiklik ediləcək

"Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əlavə və dəyişikliklər ediləcək.

Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun yenilənməsinə ehtiyac var:

"Hazırda Səhiyyə Nazirliyi ilə birgə qanunun yenidən işlənməsi ilə əlaqədar iş aparılır".

Komitə sədri həmçinin dərman vasitələri ilə bağlı dəyişikliyə də ehtiyac olduğunu düşünür:

"Dərman vasitələrinin qiymətləri və keyfiyyəti vaxtaşırı müzakirə mövzusuna çevrilir, bu, cəmiyyəti narahat edir. Ona görə də dərmanlarla bağlı məsələyə baxılmalıdır".

Ə.Əmiraslanov bildirib ki, 2025-ci ilin yaz sessiyasında qəbul edilən ən vacib dəyişiklik həkimlərin sertifikasiyası haqqında məsələ idi:

"Ötən sessiyada buna baxıb qəbul etmişik. Hesab edirəm ki, Səhiyyə Nazirliyi bu istiqamətdə böyük işlər görüb, yerlərdə yoxlamalar aparıb. Müvafiq ixtisas sahəsində səriştəsi olmayan insanların müalicə ilə məşğul olduğu aşkara çıxıb. Səhiyyə komitəsində qəbul edilmiş və Milli Məclisdə müzakirə olunmuş qanuna görə, artıq bu və ya digər ixtisasa yiyələnməyin yeganə yolu reizdentura təhsili olacaq. Bu yaz sessiyasında baxdığımız ən vacib dəyişiklik idi".

Tehsil-press.az

Oxşar xəbərlər