Xocalı canisi ötən ay Tramp haqda nə demişdi...

Xocalı canisi ötən ay Tramp haqda nə demişdi... Ermənistanın ikinci prezidenti, Xocalı hərbi canisi Robert Köçəryan son vaxtlar tez-tez “zühur” edir, yerli mediaya müsahibələr verir. Səbəbsiz deyil. Ölkənin taleyini həll edəcək kritik parlament seçkiləri ərəfəsi artıq “düyməyə” basmış Moskva və onun qonşu ölkədəki sadiq əlaltıları hərəkətə keçiblər. Tələsirlər.

Azərbaycan həbsxanasının darıxdığı Köçəryanın xəbis xislətinə bir daha əmin olmaq üçün öncə onun axırıncı müsahibəsindən bəzi sitatlara diqqət edək.

Hərbi cani deyir: “Mənim üçün ən böyük şok 2021-ci il seçkilərinin nəticələri idi. O zaman bizə məğlubiyyət və qurbanlar gətirmiş şəxsin (Nikol Paşinyanın – Z.S.) təzədən seçiləcəyi gözlənilmirdi. Əmin idim ki, bu, daha ciddi nəticələrə – “artsax”ın tamamilə itirilməsinə, üstəgəl, Ermənistan müəyyən hissəsinin işğalına gətirəcək. Düşünürəm ki, cəmiyyətdə kifayət qədər ciddi yenidən qiymətləndirmə prosesi baş verib və indi xalqımızın əksəriyyəti fərqli fikirdədir. Müharibəyə səbəb olan bir adam indi də sülh carçısı olmağa çalışır. Ermənistanda ən dinc illər məhz mənim prezidentliyim dövründə olub”.

Yəni ki, 2021-ci il seçkilərində Paşinyanın yox, Köçəryanın partiyası qalib gəlsəydi, guya nə Qarabağdan erməni köçü baş verərdi, nə də “artsax” tamamən yox olardı. Əlbəttə ki, illüziyadır, Azərbaycanın real gücünü kiçiltməyə yönəlik uğursuz cəhdlərdir...

Yaxud onun belə bir iddiası: “Biz gərək realist olaq. Bu, o deməkdir ki, beynəlxalq strukturlarda “atsax xalqı”nın (belə bir xalq da varmış! – Z.S.) qayıtmaq hüququnu təmin etmək üçün çalışmalıyıq. Əgər biz Ermənistanda hazırkı vəziyyətdə qalsaq, uğur qazanacağımıza heç bir ümidimiz ola bilməz. Ermənistan dəyişməlidir”.

Robikin daha bir xam xəyalı və absurdu belədir: “Artsax sakinlərinin geri qayıtması məsələsinin Bakının təbliğ etdiyi azərbaycanlıların Ermənistana qayıtması ilə heç bir əlaqəsi yoxdur. Bu, Azərbaycanda (Bakı, Sumqayıtı nəzərdə tutur! – Z.S.) yaşamış ermənilərin geri qayıtması ilə bağlıdır. “Artsax” isə tamamilə başqa məsələdir, “artsax”ın hətta Sovet dövründə də müəyyən statusu var idi. Belə bir müqayisə düzgün deyil”.

Bəli, sovet dövründə Qarabağda ermənilərin muxtariyyət statusu olub. Süni şəkildə yaradılmış və haqq edilməyən bir muxtariyyət! Çünki SSRİ tərkibində ermənilərin artıq müttəfiq respublikası var idi. Üstəgəl, “DQMV” hədiyyəsi. Amma “yeyə” bilmədilər. Göylə getdilər. Daha çoxunu bizdən istədilər. Nəticədə azdan da oldular. Məhz elə quldur köçəryanların hesabına. Bu barədə çox yazmışıq. İndi İrəvanda oturub çərənləməklə deyil...

Qaçqınların qayıdışı məsələsində də Köçəryan gözünün içinə qədər yalan danışır. Əslində isə fərq həm var, həm də yoxdur. Əvvəla, Qərbi azərbaycanlılar öz tarixi vətənlərində yaşayıblarsa, erməni əhali Qarabağa gəlmə olub, İrandan, Şərqi Anadoludan köçürülüb. İkincisi, əgər soydaşlarımız vəhşicəsinə öz dədə-baba yurdlarından qovulubsa, ermənilər öz xoşu ilə Azərbaycandan gediblər.

Hərgah beynəlxalq hüquqa görə, iki icmanın qayıtmaq hüququ eynidir. Odur ki, Köçəryan boş yerə havanı silkələməsin. Qatar çoxdan gedib. Təkcə mifik “artsax”ın yox, ümumiyyətlə, revanşistlərin qatarı.

Qayıdışa gəlincə, əgər belə bir şey olacaqsa, hər iki istiqamətdə olacaq. Yəni “güzgü” prinsipi. Ermənilər göydən zənbillə düşməyib, yaxud köynəkdə doğulmayıb – özü də Azərbaycan dövlətinə qarşı separatçılıqla məşğul olmuş ermənilər...

Xocalı canisinin yuxarıdakı sözləri bir daha göstərir ki, erməni cəmiyyəti son dərəcə diqqətli olmalıdır: əgər o, başına yeni fəlakətlərin gəlməsini istəmirsə, qonşularla əmin-amanlıq içində yaşamağı, barışığı arzu edirsə, onda bir daha radikal müxalifətin hakimiyyətə qayıdışına şans tanımamalıdır!

O ki qaldı Köçəryan və dəstəsinin iqtidarda olduğu illərin guya ən dinc dövr olmasına, bu, əlbəttə, erməni seçicilərin “saqqızını” oğurlamağa hesablanmış ucuz demaqogiyadır. Fakt budur ki, keçmiş Dağlıq Qarabağ konflikti onun prezidentliyi dönəmində də həll olunmamış, sonrakı iqtidarlara ağır “miras” kimi, dondurulmuş vəziyyətdə saxlanmışdı.

Bu da o demək idi ki, müharibə hər an təzədən alovlana bilər. Necə ki, alovlandı – 2016-dakı aprel döyüşləri, 2020-ci ilin iyul sərhəd toqquşması, nəhayət, 2-ci Qarabağ müharibəsi şəklində. Ona görə ki, Köçəryan-Sərksiyan cinayətkar cütlüyü 20 il ərzində (1998-2018) Bakının son dərəcə əlverişli həll təkliflərini qulaqardı eləmişdi...

Əfsus ki. Nikol Paşinyan da zamanın nəbzini vaxtında tuta, proseslərin hara apardığını anlaya bilmədi. Nəticə məlum. Xocalı canilərinin, faşist-xunta rejiminin xeyli dərəcədə Rusiyanın köməyi ilə qurduğu işğalçı ordu 44 günə darmadağın edildi.

Artıq Paşinyan hökuməti sülh sənədini paraflayıb. Minsk Qrupu rəsmən də “gorbagor” olub. Böyük sülh bircə addım qalır. İpi Moskvaya bağlı radikal-revanşist düşərgəni ən çox təlaşlandıran da budur. Təkcə onlarınmı? Sözsüz ki, yox. Rusiya da barışıq prosesinin axıra yaxınlaşmasından dilxordur. Bunu açıq büruzə verməsə də.

Bu yerdə məxsusi xatırlama: ötən ay verdiyi müsahibədə Köçəryan Ağ Evdə Trampın iştirakı ilə paraflanmış sülh müqaviləsini “kağız parçası” adlandırmışdı. Odur ki, qarşıdakı seçkilər böyük ölçüdə separatizm təbliğatçıları ilə yanaşı, onların xaricdəki havadarlarının da son ümidinin basdırılacağı gün olacaq. Olmalıdır. Erməni xalqının səhv eləmək limiti bitib...

Tehsil-press.az

Oxşar xəbərlər