Azərbaycana turist axını azalır - səbəb nədir: bahalıq, yoxsa..?

Azərbaycana turist axını azalır - səbəb nədir: bahalıq, yoxsa..? Təyyarə biletləri bahadır; regiondakı münaqişələr də turistləri çəkindirir

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana Avropa ölkələrindən 167 740 turist səfər edib. Rəsmi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,7% azdır. O cümlədən hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 84 258 turist gəlib. Bu da 1 il əvvələ nisbətən 21,5% azdır.

Şərqi Avropa ölkələri arasında ən çox turist Ukraynadan olub - 27 908 nəfər. Bu, illik müqayisədə 22,8% azdır. Bundan əlavə, Belarusdan 20 937 nəfər (-20,4%), Polşadan 8 266 nəfər (-19,6%), Moldovadan 3 581 nəfər (26,7%), Macarıstandan 3 508 nəfər (-10,1%), Rumıniyadan 2 841 nəfər (18,9%), Çexiyadan 2 801 nəfər (+4,6%), Litvadan 2 174 nəfər (39,7%), Bolqarıstandan 2 003 nəfər (-25,9%) Latviyadan 1 861 nəfər (32,3%), Serbiyadan 1 590 nəfər (-25,2%), Slovakiyadan 1 440 nəfər (32,5%) Estoniyadan 1 426 nəfər (20,6%) Xorvatiyadan 1 284 nəfər (-4,5%), Sloveniyadan 664 nəfər (-1,6%) Kiprdən 571 nəfər (+6%), Monteneqrodan 413 nəfər (+7,6%), Bosniya və Hersoqovinadan 390 nəfər (-25,7%), Şimali Makedoniyadan 314 nəfər (-10,5%), Albaniyadan isə 286 nəfər (38,1%) turist gəlib.

9 ay ərzində Qərbi Avropa ölkələrindən isə Azərbaycana 83 482 nəfər turist gəlib. Bu da ötən ilin eyni dövrünə nisbətən 21,8 % azdır. Qərbi Avropa ölkələri arasında ən çox turist 20 308 nəfər olmaqla, Böyük Britaniyadan olub. Bu, 1 il əvvəllə müqayisədə 21% azdır.

Bundan əlavə, Almaniyadan 18 353 nəfər (-15,5%), İtaliyadan 11 221 nəfər (-17,4 %), İspaniyadan 5 850 nəfər (3%), Fransadan 5 225 nəfər (29%), Niderlanddan 4 877 nəfər (-20,4%), Avstriyadan 2 393 nəfər (17,1%), Belçikadan 2 290 nəfər (22,7%), Portuqaliyadan 2 055 nəfər (-25%), İsveçdən 2 020 nəfər (-39,1%), Yunanıstandan 1 909 nəfər (- %2), İsveçrədən 1 813 nəfər (-28,1%), İrlandiyadan 1 407 nəfər (-28%), Norveçdən 1 229 nəfər (-40,2%), Danimarkadan 1 088 nəfər (44,5%), Finlandiyadan 701 nəfər (40,4%), Lüksemburqdan 364 nəfər (-18,6%), Maltadan 198 nəfər (-39,4%), İslandiyadan 187 nəfər (-56,2%), Andorradan 14 nəfər (-26,3% ) turist gəlib.

İqtisadçı Xalid Kərimli açıqlamasında bildirdi ki, Azərbaycana gələn turistlərin sayında azalmanın olması ilk növbədə onunla bağlıdır ki, ötən ilin müvafiq dövründə ölkəmizdə beynəlxalq tədbir keçirilirdi: “Ötən il COP29 ilə əlaqədar həm tədbir ərəfəsində, həm də tədbir müddətində Azərbaycana səfər edən turistlərin sayında artım oldu. Azərbaycan heç zaman turistlərin gözündə bahalı ölkə olmayıb. Ölkəmizin onlar üçün xüsusi üstünlüyü yoxdur. Quru sərhədlərin bağlı olması da qonşu dövlətlərdən ölkəyə gələn turist axınına mənfi təsir göstərir. Əgər bu cür siyasət davam edərsə, azalma davam edəcək. Turist səfərləri üçün çox sayda səbəb olmalıdır - təhsil, biznes, səhiyyə turizmi yoxdur. Məhdudiyyətlər çoxdur - ölkəyə giriş çətindir, təyyarə qiymətləri bahadır. Hətta xaricdə yaşayan soydaşlarımız üçün də Vətənə səfər etmək və geri dönmək üçün çox vəsait lazımdır. Bir müddət Hindistandan ölkəmizə səfər edən turistlərin sayı artmışdı, lakin sonradan siyasi səbəblərlə əlaqədar bu say azaldı. Bütün bunlara baxmayaraq, turizm siyasəti ciddi iflasa uğrayır. Turizm azadlığı, əyləncəni sevir, məhdudiyyətlər çoxdursa, bu, turistləri çəkindirir”.

Turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov isə qeyd etdi ki, statistik rəqəmlərdə 2 faizə yaxın azalma qeyd edilir, amma onlayn satış portallarında 30 faizə yaxın azalma müşahidə olunur. Turizm bazarında daxili tələbat yüksək olsa da, əcnəbi turistlərin sayında kəskin azalma olub: “Bunun obyektiv və subyektiv səbəbləri var. Səbəblərdən biri quru sərhədlərin bağlı olması ilə yanaşı, siyasi vəziyyətdir. Belə ki, cənub sərhədində İran-İsrail münaqişəsi ilə əlaqədar bu istiqamətlərdən, yəni əsas turizm kontingentindən olan turist axını dayanıb. Hindistan-Pakistan arasındakı gərginlik, Hindistanda Azərbaycanla bağlı çağırışlar və s. gəlmə tendensiyasına öz təsirini göstərib. Keçən il Hindistandan Azərbaycana təxminən 240 min turist gəlib, bu il isə məlum səbəblərə görə bu say kəskin azalıb. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi, regionda gərginliklər ümumi bazara təsirini göstərməkdədir”.

Ekspert vurğuladı ki, əsas faktorlardan biri də Azərbaycanın hava məkanının açıq olmasına baxmayaraq, təyyarə biletlərinin baha olmasıdır: “Bakıdan kənarda yerləşən hava limanlarının səmərəli, effektiv çalışmaması, ucuz hava daşıyıcılarını cəlb edə bilməməyimiz, əlverişli uçuş biletlərinin olmaması da əcnəbi turistlərin qərarlarına təsir göstərir”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin noyabrın 12-də keçirdiyi birgə iclasında bildirib ki, cari ilin ilk 9 ayının göstəricilərinə görə, hotel və hotel tipli obyektlərdə cəmi 26 faiz yerləşmə olub.

Deputat bunu aşağı göstərici kimi qiymətləndirərək problemi sosial həyatın aktiv olmaması, turizm sektorunun inkişaf etməməsi ilə əlaqələndirib: “Biz turistlərin bütün imkanlardan istifadə etməsinə şərait yaratmalıyıq”.

Qeyd edək ki, Dünya Səyahət və Turizm Şurasının (WTTC) bu ilin iyun ayında yaydığı məlumata əsasən, Azərbaycanın səyahət və turizm sektoru 2025-ci ili əhəmiyyətli artımla başa vuracaq. Bu il sektorun ÜDM-in 8,2%-ni təşkil edən və illik müqayisədə 32% artımla milli iqtisadiyyata 10,3 milyard manat töhfə veriləcəyi proqnozlaşdırılır. 472000 iş yerinin yaradılması gözlənilir ki, bu da ümumi milli məşğulluğun təxminən 10%-ni təşkil edir. 2025-ci ildə beynəlxalq turist xərclərinin 5,5 milyard manata çatacağı və pandemiyadan sonrakı tam bərpa dövrünə təsadüf edəcəyi, daxili turist xərclərinin isə 2009-cu ildəki 3,8 milyard manata qədər rekord səviyyəyə çatacağı proqnozlaşdırılır. Həm daxili, həm də beynəlxalq turist xərclərinin kəskin artması ölkənin turizm iqtisadiyyatında yeni bir güclənmənin göstəricisidir.

WTTC-nin prezidenti və baş icraçı direktoru Culiya Simpson bildirib ki, Azərbaycan qlobal səyahət və turizm sektorunda diqqəti cəlb edir. Ziyarətçi xərclərinin artması və məşğulluğun sürətlənməsi ilə 2025-ci il irəliləyiş ili kimi formalaşır. “Bu rəqəmlər artan beynəlxalq cazibəni və Azərbaycanın şaxələndirmə, mədəni təşviq və davamlı turizmin inkişafına uzunmüddətli diqqətinin uğurunu əks etdirir. WTTC ölkənin bu siyasətini dəstəkləməkdən qürur duyur”, - deyə o qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər