Məsələ ilə bağlı danışan iqtisadçı Xalid Kərimli bildirib ki, hazırda dövlət tariflərin aşağı salınması istiqamətində hər hansı addım atmağı planlaşdırmır. Əksinə, ilin əvvəlindən tariflərdə artım həyata keçirilib və bununla bağlı sabit tarif mexanizmi müəyyən olunub.
Ekspertin sözlərinə görə, dövlət mövcud tariflərin bahalı olduğunu düşünmür:
“Dövlət hesab edir ki, qaz və işıq tarifləri yüksək deyil, əksinə aşağıdır. Əhali üçün daha ucuz satıldığını bildirirlər. Tariflərin azaldılması gündəmdə deyil.”
Xalid Kərimli qeyd edib ki, tariflərin ucuzlaşması üçün ilk növbədə şəffaflıq artırılmalı, dövlət qurumlarının hesabatlılığı təmin edilməlidir:
“Əgər ucuzlaşma və ödədiyimiz pula görə dövlət müəssisələrinin mənfəətlə işləməsini görmək istəyiriksə, şəffaflıq tələb etməliyik. İctimai nəzarət güclənməlidir. Dövlət qurumları bizdən aldıqları tarifləri xidmət keyfiyyətinin yaxşılaşdırılmasına yönəltməlidir.”
Onun sözlərinə görə, hazırkı tariflərlə bu qurumların fəaliyyəti tam şəkildə qurula bilmir. Buna baxmayaraq, hökumət sosial narazılığı nəzərə alaraq tarif artımlarını mərhələli şəkildə həyata keçirir:
“Dövlət hesab edir ki, bu tariflər belə yetərli deyil. Sadəcə, əhalini nəzərə alaraq artımı daha yavaş şəkildə tətbiq edirlər.”
Beləliklə, ekspertə görə, yaxın perspektivdə qaz və işıq tariflərinin aşağı salınması real görünmür.
Tehsil-press.az












