Bakıda Düşənbə söhbəti - Kreml üçün niyə indi?

Bakıda Düşənbə söhbəti - Kreml üçün niyə indi? Rusiyanın Moskva Bəyannaməsini yada salmasının ilginc səbəbi

Xəbər verildiyi kimi, Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirilib. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, 8-10 dekabr tarixlərində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla məsləhətləşmələr aparıb və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev tərəfindən qəbul edilib.

Qeyd olunub ki, məsləhətləşmələr zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında 9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində keçirilən görüşdən sonra Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib: “İki ölkə liderləri tərəfindən 22 fevral 2022-ci ildə Moskvada imzalanmış Müttəfiq Əməkdaşlığı Bəyannaməsinin müddəalarına uyğun olaraq, bütün istiqamətlərdə siyasi dialoqu daha da gücləndirmək, ticarət, iqtisadi, mədəni və humanitar əməkdaşlığı genişləndirmək öhdəlikləri bir daha təsdiqlənib. Rusiya tərəfi iyunun sonu və iyulun əvvəlində Bakıda saxlanılan 11 Rusiya vətəndaşının tezliklə azad edilməsinin vacibliyini vurğulayıb. Bundan əlavə, Azərbaycan-Ermənistan münasibətləri, ”3+3" formatı və Xəzər beşliyi çərçivəsində çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib".

Moskva Bəyannaməsi Rusiyanın yadına niyə məhz indi düşür? Axı həmin Bəyannamədə başqa bəndlər də var - hansılar ki, Moskva əməl etməyib. Nəhayət, Düşənbədə Putinin AZAL təyyarəsi ilə bağlı İlham Əliyevə verdiyi vədlər də var. Onlar necə olacaq? Yoxsa Moskva AZAL-la bağlı vədləri həmin 11 nəfərin taleyinə bağlayıb?

Politoloq Yusif Bağırzadə bildirdi ki, Rusiya, Cənubi Qafqazda və ümumilikdə postsovet məkanında geosiyasi təsirini qorumağa və gücləndirməyə çalışır. Bunun üçün də müxtəlif vasitələrdən istifadə edir ki, bu da bir sıra hallarda ayrı-ayrı ölkələrin maraqlarına toxunur və haqlı olaraq tənqidə səbə olur: “Əslində, Bakıda keçirilən son siyasi məsləhətləşmələr də Rusiyanın Azərbaycanla münasibətlərindəki problemləri və paradoksal yanaşmalarını ortaya qoyur. Rusiya, 2022-ci ildə imzalanan Moskva Bəyannaməsində üzərinə bir sıra öhdəliklər götürsə də, bu öhdəliklərin zamanla yerinə yetirilmədiyi və Rusiyanın münasibətlərinin müttəfiqlik münasibətlərinə uyğun gəlmədiyi məlum həqiqətlərdir. Belə olan halda, rəsmi Moskvanın, bəyannamənin bəndlərinə indi yenidən diqqət ayırmasını öz maraqlarını qorumaq və bunu qarşı tərəfin uzunmüddətli maraqlarını nəzərə almadan həyata keçirmək cəhdi kimi qəbul etmək olar. Başqa sözlə, Rusiyanın bu bəyannaməyə indi daha çox diqqət ayırması, yalnız ikitərəfli münasibətlərin yenidən nəzərdən keçirilməsi ilə bağlı deyil, həm də regionda güc mübarizəsi və geosiyasi təsirin möhkəmləndirilməsi cəhdidir. Yəni Rusiya hələ də Azərbaycanla münasibətləri yalnız öz geosiyasi məqsədlərini güdmək üçün istifadə etməyə çalışır. Elə haqqında danışılan 11 nəfər Rusiya vətəndaşının azad olunmasını tələb etməklə də, Azərbaycanı öz maraqlarına uyğun hərəkət etməyə məcbur etməyə çalışır. Bu yanaşma isə özündə qarşılıqlı etimad yaratmaqdan çox, təzyiq və məcburiyyət üzərində qurulmuş bir siyasəti ehtiva edir”.

Politoloq qeyd etdi ki, Ukrayna müharibəsi və beynəlxalq sanksiyalar səbəbindən ciddi təcrid vəziyyətinə düşən Rusiyanın xarici siyasətdəki təzyiq və manevr qabiliyyətinin xeyli azaldığını Moskva sanki anlamır: “İndi ölkələrə, xüsusilə də Azərbaycan kimi Cənubi Qafqazın lider ölkəsi olan, öz müstəqil xarici siyasət kursunu davam etdirən bir ölkəyə qarşı təzyiq siyasəti hər hansı bir nəticə verməyəcək. Əgər Rusiya həqiqətən də qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdırsa, o zaman Azərbaycanla münasibətləri daha şəffaf, qarşılıqlı etimada dayanan və uzunmüddətli əməkdaşlıq üzərində qurmalıdır. Yalnız bu halda Rusiya-Azərbaycan münasibətlərinin dayanıqlılığından danışmaq olar. Başqa sözlə desək, Rusiya qarşısındakı ölkələri yalnız Moskvanın maraqlarına xidmət edən ölkələr kimi deyil, eyni zamanda uzunmüddətli və qarşılıqlı fayda təmin edəcək, bərabərhüquqlu strateji tərəfdaşlar kimi görməlidir”.

Tehsil-press.az

Oxşar xəbərlər