ABŞ-İsrail əməliyyatının yaratdığı enerji böhranı fonunda ABŞ-də benzin qiymətləri 2023-cü ilin oktyabr ayından bəri ən yüksək həddə çatıb. Belə ki, bir ay əvvəl, münaqişədən öncəki dövrdə bir qallonun (3,78 litr) qiyməti 3,2 - 3,4 dollar idisə, indi qallonun qiyməti 3,79 dollara çatıb. Kaliforniyada isə ən yüksək qiymət qallon başına 5,54 dollardır.Bu qiymət dəyişikliyi göstərir ki, müharibə uzandıqca onun enerji bazarlarına təsiri də artır.
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, ABŞ-İsrail əməliyyatı fonunda yaranan gərginlik enerji bazarlarına psixoloji və real təsir göstərir və bu təsir təkcə ABŞ ilə məhdudlaşmır:
“Yaxın Şərq dünya neft və qaz ehtiyatlarının böyük hissəsinin yerləşdiyi region olduğuna görə burada baş verən hər hansı hərbi və ya siyasi eskalasiya qlobal enerji qiymətlərinə birbaşa təsir edir.
Münaqişənin genişlənməsi və ya strateji əhəmiyyətli marşrutların, xüsusilə Hörmüz boğazı kimi əsas nəqliyyat yollarının risk altına düşməsi neft tədarükündə fasilə ehtimalını artırır. Bu isə dünya bazarında qiymətlərin yüksəlməsinə səbəb olur. Nəticədə Avropa, Asiya və digər regionlarda da yanacaq və enerji qiymətlərində artım müşahidə oluna bilər”.
İqtisadçının sözlərinə görə, enerji idxalından asılı olan ölkələr bu vəziyyətdən daha çox təsirlənir:
“Onlarda həm inflyasiya sürətlənir, həm də istehsal xərcləri artır. Bu isə iqtisadi artımın zəifləməsinə, bəzi hallarda isə sosial narazılığın artmasına gətirib çıxara bilər. Xüsusilə qaz və neftə yüksək tələbatı olan sənaye ölkələri üçün risklər daha böyükdür.
Eyni zamanda, enerji ixrac edən ölkələr qısa müddətdə yüksək qiymətlərdən qazanc əldə etsələr də, uzunmüddətli qeyri-sabitlik bazarlarda qeyri-müəyyənlik yaradır və investisiya qərarlarına mənfi təsir göstərə bilər.Beləliklə, müharibənin gedişatı enerji böhranını qlobal miqyasda dərinləşdirə və bir çox ölkələrdə həm iqtisadi, həm də sosial təsirlərə səbəb ola bilər”.
Tehsil-press/az












