Kreml Rusiyadakı azərbaycanlılara qarşı yenidən sərt əməliyyatlara başladı - SƏBƏBİ 25 DEKABR TARİXİNƏ BAĞLI

Kreml Rusiyadakı azərbaycanlılara qarşı yenidən sərt əməliyyatlara başladı - SƏBƏBİ 25 DEKABR TARİXİNƏ BAĞLI Son günlər Rusiyada azərbaycanlılara qarşı müşahidə olunan zorakılıq, həbslər, alçaldıcı əməliyyatlar və açıq diskriminasiya artıq ayrı-ayrı insidentlər kimi qiymətləndirilə bilməz. Baş verənlər ardıcıl, məqsədli və mərkəzdən idarə olunan siyasi xəttin tərkib hissəsidir. Görünən odur ki, Kreml Rusiyada yaşayan azərbaycanlıların sıxışdırılmasına və təzyiq altına alınmasına yenidən start verib və bu proses açıq şəkildə Bakıya ünvanlanan mesaj xarakteri daşıyır.

Bu mesajın mahiyyətini anlamaq çətin deyil. Məlum olduğu kimi, bu ayın sonunda - 25 dekabr tarixində Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan AZAL-a məxsus sərnişin təyyarəsi ilə bağlı istintaq müddətinin bir ili tamam olur. Azərbaycan cəmiyyətində və beynəlxalq müstəvidə gözlənti ondan ibarətdir ki, həmin tarixədək təyyarənin vurulmasında birbaşa məsuliyyəti olan Rusiya Müdafiə Nazirliyinə aid şəxslər cəzalandırılsın və dövlətimizə qarşı törədilmiş bu ağır cinayətə görə kompensasiya ödənilməsi prosesi başlasın.

Xatırladaq ki, bu məsələ ilə bağlı Prezident İlham Əliyevlə görüş zamanı Rusiya Prezidenti Vladimir Putin şəxsən və ictimai şəkildə söz vermişdi. Lakin bir il ərzində nə günahkarların adları açıqlanıb, nə məsul şəxslər cəzalandırılıb, nə də kompensasiya mexanizmi işə salınıb. Əksinə, proses məqsədli şəkildə uzadılır və məsuliyyət faktiki olaraq ört-basdır edilir. Bu isə onu göstərir ki, Moskva verdiyi sözü yerinə yetirmək niyyətində deyil.

Məhz belə bir ərəfədə Rusiyanın müxtəlif regionlarında azərbaycanlılara qarşı təzyiqlərin kəskinləşməsi diqqətdən yayınmamalıdır. Xüsusilə Voronej vilayətində baş verən son hadisələr Kremlin seçdiyi yeni konfrontasiya xəttini açıq şəkildə üzə çıxarır. Rusiyanın Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Çevik Reaksiya Dəstəsi tərəfindən Voronej vilayətində Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirilib və bir neçə nəfər saxlanılıb. Rəsmi izah verilməsə də, əməliyyatın hədəfinin məhz azərbaycanlılar olması artıq gizlədilmir.

Bu, hüquq-mühafizə tədbiri deyil, siyasi xəbərdarlıqdır. Kreml açıq şəkildə nümayiş etdirir ki, əgər Azərbaycan AZAL təyyarəsi məsələsini gündəmdə saxlayacaqsa, cavab Rusiyada yaşayan soydaşlarımız vasitəsilə veriləcək. Bu isə dövlət səviyyəsində şantaj və kollektiv məsuliyyət tətbiqi deməkdir.

Voronej hadisələri əslində daha geniş və təhlükəli prosesin davamıdır. Yay aylarında Yekaterinburqda azərbaycanlı diasporunun tanınmış nümayəndəsi Şahin Şıxlinski və onun oğlu saxlanılıb, diaspor üzvlərinə məxsus əmlaklara əl qoyulub, bir sıra şəxslər vətəndaşlıqdan çıxarılaraq deportasiya təhlükəsi ilə üz-üzə qalıb. Bundan bir qədər əvvəl isə Səfərov qardaşlarının amansızcasına qətlə yetirilməsi faktı baş verib. Bu gün Şahin Şıxlisnkidən başqa Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev, Akif, Ayaz, Bakir, Kamal və Məzahir Səfərovlar həbsdədirlər və qondarma ittihamıarla onların mühakiməsi aparılır. Bütün bu işlər üzrə aparılan istintaqlarda erməni əsilli müstəntiqlərin ön plana çıxması isə prosesə əlavə siyasi və tarixi çalar verir. Bəlli olub ki, Şahin Şıxlinski barəsində ifadələri Rusiya İstintaq Komitəsinin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə mayoru, erməni əsilli A.S. Karapetyan alıb. Bu da son deyil - iş üzrə əsas şahidlərdən biri də Rusiya Daxili İşlər Nazirliyinin digər bir erməni əsilli əməkdaşı Karen Kamoyeviç Tutuncyandır.

Bu mənzərə istər-istəməz XX əsrin 30-cu illərini xatırladır. O dövrdə də Kreml Azərbaycan mənşəli ziyalıları, ictimai xadimləri və təsirli şəxsləri erməni müstəntiqlərin, “troyka”ların ixtiyarına vermiş, nəticədə genişmiqyaslı repressiyalar və milli faciə baş vermişdi. Bu gün Rusiyada baş verənlər həmin modelin müasir və daha kobud formada təkrarı təsiri bağışlayır.

Ən narahatedici məqamlardan biri də odur ki, təzyiqə məruz qalan şəxslərin böyük əksəriyyəti Rusiyada uğur qazanmış, ölkənin iqtisadiyyatına və ictimai həyatına töhfə vermiş insanlardır. Onlar təsadüfi şəxslər deyil, kriminal aləmin nümayəndələri deyil, əksəriyyəti Rusiya vətəndaşı olan, qanun çərçivəsində fəaliyyət göstərən insanlardır. Onları döymək, yerə yıxmaq, alçaltmaq və ictimai şəkildə təhqir etmək əslində Rusiyanın özünü alçaltması deməkdir.

Beləliklə, Kreml bütün dünyaya açıq mesaj verir: rus olmayan vətəndaşlara münasibət necədir. Bu isə Azərbaycanla münasibətlər məsələsi olmaqla yanaşı, Rusiyanın dövlət olaraq hansı dəyərlərə söykəndiyini göstərən ifşaedici mənzərədir.

Görünən odur ki, Moskva AZAL təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti qəbul etmək əvəzinə, konfrontasiya yolunu seçib və Azərbaycanı təzyiq altında saxlamağa çalışır. Lakin Kremlin bu hesabı da yanlışdır. Azərbaycan 25 dekabr 2024-cü ildən bəri öz mövqeyindən geri çəkilməyib və bu gün də ən yüksək səviyyədə tələb edir: günahkarlar cəzalandırılsın, həlak olanların ailələrinə layiqincə kompensasiya ödənilsin. Bu, siyasi şərt deyil, ədalət tələbidir.

Tarix dəfələrlə sübut edib ki, cinayəti ört-basdır etməyə çalışan imperiyalar sonda ədalətdən yox, çöküşdən qaça bilmirlər. AZAL təyyarəsinin vurulması bir cinayətdir, bu cinayətin gizlədilməsi ikinci cinayətdir, Rusiyadakı azərbaycanlılara qarşı kollektiv cəza isə üçüncü və daha ağır cinayətdir.

Tehsil-press.az

Oxşar xəbərlər