SON DƏQİQƏ: Kombi sistemi sıradan çıxır - Mənzillərinizi belə qızdıracaqsınız

SON DƏQİQƏ: Kombi sistemi sıradan çıxır - Mənzillərinizi belə qızdıracaqsınız Azərbaycanda qış mövsümündə kombilərin sıradan çıxması, qaz sərfiyyatının artması və enerji itkiləri fonunda mərkəzləşdirilmiş istilik sistemlərinə qayıdış məsələsi yenidən gündəmə gəlib. Xüsusilə, yeni tikililərdə kombidən asılılığın yaratdığı problemlər fonunda dövlət istilik sisteminin bütün əraziləri əhatə edib-etməyəcəyi, alternativ olaraq modul tipli qazanxanaların və bərpa olunan enerji mənbələrinin tətbiqinin mümkünlüyü ictimai maraq doğurur. Maraqlıdır, kombilərin sıradan çıxması mümkündürmü?

Mövzu ilə bağlı açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, ölkədə dövlət istilik sisteminə qoşulma imkanları əsasən binaların inşa dövrü və mövcud infrastrukturla bağlıdır.

Ekspertin sözlərinə görə, Azərbaycanda Sovet dövründə dövlət planlamasına uyğun tikilən bir sıra binalar mərkəzləşdirilmiş istilik sisteminə – “Azəristiliktəchizat”ın şəbəkəsinə qoşulub:

“Əgər binada bu sistem mövcuddursa, hər bir vətəndaş ondan istifadə etmək hüququna malikdir. Lakin yeni tikililərin böyük əksəriyyətində bu şəbəkə yoxdur və sakinlər fərdi kombilərdən istifadə etməyə məcbur qalırlar.”

Elnur Azadov qeyd edib ki, bəzi binaların nəzdində xüsusi qazanxanalar (istixanalar) fəaliyyət göstərir və həmin binalar lokal şəkildə bu sistemə qoşulurlar. Ancaq təxminən 10–12 il əvvəl tariflərin dəyişməsi nəticəsində bu üsul da xərcli olub və geniş yayılmayıb.

Ekspert xatırladıb ki, Azərbaycanda “Enerji effektivliyi haqqında” qanun mövcuddur. Bu qanuna əsasən, közərmə lampalarının həm istehsalı, həm də ölkəyə idxalı qadağan edilib.

“Hansı bina daha az enerji sərf edərək isti saxlanılırsa, o da daha effektiv hesab olunur.”

Onun sözlərinə görə, ötən il Milli Məclisdə modul tipli qazanxanaların tətbiqi ilə bağlı qanun layihəsi hazırlanıb və qəbul edilib:

“Bu ilin yayından etibarən yeni qanuna uyğun olaraq məhəllədaxili ərazilərdə modul tipli qazanxanalar işə salınmağa başlayıb. Binalar bu qazanxanalara fərdi qaydada qoşulacaq.”

Elnur Azadov əlavə edib ki, enerji resurslarının qorunması məqsədilə gələcəkdə çoxmənzilli binalara qaz təchizatının verilməməsi planlaşdırılır:

“Qaz sərfiyyatının minimuma endirilməsi və itkilərin qarşısının alınması əsas məqsəddir. Gələcəkdə binaların damlarında günəş panellərinin quraşdırılması nəzərdə tutulur. Bu panellər vasitəsilə binalar öz istilik və enerji tələbatlarını qismən də olsa təmin edə biləcəklər.”

Ekspertin fikrincə, bu dəyişikliklər mərhələli şəkildə həyata keçiriləcək və uzunmüddətli perspektivdə kombilərə alternativ olaraq daha səmərəli və ekoloji təmiz istilik sistemlərinin tətbiqinə şərait yaradacaq.

Tehsil-press.az

Oxşar xəbərlər