“Ərdoğanın varisləri” təkcə ölkə daxilində deyil, bütün dünya üçün maraq doğurur.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın varisi oğlu Bilal, kürəkəni Səlcuq Bayraqdar, xarici işlər naziri Hakan Fidan və ya keçmiş daxili işlər naziri Süleyman Soylu ola bilər.
Bu barədə Britaniyanın “Ekonomist” jurnalı məlumat yayıb.
Məlumat üçün bildirək ki, Ərdoğanın 71 yaşı var. Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçirilməlidir. Amma ehtimal olunur ki, qardaş ölkə tezliklə növbədənkənar seçkilərə getsin.
Siyasi analitik Asif Nərimanlı Musavat.com-da mövcud durumda ən şanslı namizədin adını açıqlayıb:
“Fikrimcə, post-Ərdoğan Türkiyəsinə rəhbərlik edə biləcək əsas namizəd Hakan Fidandır. Əslində Fidanın karyerasına baxdıqda onun gələcək lider kimi hazırlandığı təəssüratı yaradır. Digər tərəfdən, regional gücə çevrilən və qlobal proseslərdə təsir imkanları güclənən Türkiyəyə güclü prezidentlik institutunun saxlanıldığı sistem lazımdır. Prezident üsul-idarəsinə keçid də Türkiyənin aktiv xarici siyasətindən qaynaqlanırdı. Ərdoğanın bu prosesi uğurla həyata keçirib, xüsusilə Qərbdən asılılığın azaldılması, müstəqil xarici siyasətin həyata keçirilməsi və Türkiyənin regional müstəvidə önə çıxması bunu deməyə əsas verir.
Ərdoğandan sonra da bu prosesi davam etdirəcək güclü fiqur lazımdır. Hakan Fidan digərləri ilə müqayisədə daha güclü fiqur kimi görünür. Onun uzun illər kəşfiyyata rəhbərlik etməsi, hazırda isə xarici siyasəti idarə etməsi Türkiyənin gələcək lideri kimi formalaşmasında rol oynayıb”.
Tehsil-press.az









