Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirildi

Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirildi Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsi artıq Bakıya gətirilib.

Mərhumun cənazəsi vəfatından 17 gün sonra vətənə çatdırılıb.

Şahin Tağıyevlə vida və onun dəfn mərasiminin vaxtı və yeri də açıqlanıb.

Bildirilib ki, Azərbaycanın Milli Qəhrəmanı Şahin Talıb oğlu (Şuşalı) Tağıyevin vida və dəfn mərasimi 16 yanvar 2026-cı il tarixində, saat 11:00-da Hərbi Memorial Məzarlıqda (II Fəxri Xiyaban) keçiriləcək.

Yas mərasimi isə 17 yanvar 2026-cı il tarixində, saat 11:00-da Təzəpir məscidində baş tutacaq.

Şahin Talıb oğlu Tağıyev 3 fevral 1949-cu ildə Tərtər rayonunda anadan olub. Azərbaycan torpaqlarına qarşı erməni silahlı müdaxiləsi başlayanda silaha sarılaraq könüllü şəkildə Vətənin müdafiəsinə qalxıb. O, “Qurtuluş” batalyonunun tərkibində Tərtər rayonu və ətraf döyüş bölgələrində vuruşub, göstərdiyi şücaət və təşkilatçılıq bacarığı sayəsində 1992-ci ilin mart ayında batalyon komandiri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli, 6 saylı fərmanı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bu ali ad onun Vətən uğrunda göstərdiyi misilsiz igidliyin dövlət səviyyəsində tanınması olub.

Son illərini İsveçin Malmo şəhərində yaşayan qəhrəmanımızın bir oğlu, bir qızı və beş nəvəsi var.
Onun ölüm tarixi 29 dekabr 2025-ci ildir.

Allah rəhmət eləsin.

Tehsil-press.az

Oxşar xəbərlər