Mehdiyevin bankı ilə bağlı ziddiyyətli məlumatlar – batır, yoxsa 2,4 milyon qazanıb?

Mehdiyevin bankı ilə bağlı ziddiyyətli məlumatlar – batır, yoxsa 2,4 milyon qazanıb? Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq davam etdiyi bir vaxtda onun ailəsinə məxsus “Bank BTB” ASC ilə bağlı ziddiyyətli məlumatlar yayılmaqdadır. Cəmi üç gün əvvəl yayılan xəbərlərdə bankın iflas həddində olduğu bildirilirdi. İndi isə bankın rəsmi internet səhifəsində onun guya mənfəətlə işlədiyini göstərən məlumatlar yer alıb.

Azərbaycanda fəaliyyət göstərən banklar 2025-ci ilin IV rübü üzrə maliyyə hesabatlarını açıqlamağa başlayıblar.

“Bank BTB”nin yaydığı rəsmi məlumata görə, bank 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub.

Lakin bankın özünün açıqladığı maliyyə cədvəllərinə diqqət yetirdikdə tamamilə fərqli mənzərə ortaya çıxır.

Belə ki, rəsmi göstəricilərdən açıq şəkildə görünür: 2025-ci ilin IV rübünün yekununda “Bank BTB” 404 min manat xalis zərər edib. Bu halda haqlı sual yaranır: rübü zərərlə başa vuran bank ili necə “xalis mənfəətlə” yekunlaşdıra bilər?

Ziddiyyət bununla da bitmir.

Yeniavaz bu barədə yazıb ki, bankın 2025-ci ilin III rübü – yəni 9 ayın yekunu üzrə rəsmi saytında dərc etdiyi məlumatda guya xalis mənfəətin 2,3 milyon manata çatdığı bildirilirdi. Halbuki həmin dövr üzrə maliyyə hesabatları bankın 641 min manat xalis zərər etdiyini göstərir.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, “Bank BTB” ASC ictimaiyyətə “xalis mənfəət” kimi təqdim etdiyi rəqəmləri əslində vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər çıxılmamış mənfəət kimi göstərir. Halbuki bu göstəricilər heç bir halda xalis mənfəət hesab oluna bilməz.

Dövlət Vergi Xidmətinin rəsmi izahına görə, xalis mənfəət – mənfəət vergisi və digər məcburi ödənişlər çıxıldıqdan sonra qalan məbləğdir. Yəni “Bank BTB”nin açıqladığı rəqəmlər hüquqi və maliyyə terminologiyası baxımından yanlış təqdim olunur.

Bu isə artıq texniki səhv yox, ictimaiyyətin və potensial investorların məlumatlandırılmasında sistemli problemlərin mövcudluğundan xəbər verir.

Xatırladaq ki, “Bank BTB” ASC-nin səhmlərinin

– 74,99 faizi Mehdiyeva Nigar İsmayıl qızına,

– 19,01 faizi Sadiq Rza İsmayıl oğluna,

– 6 faizi isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.

Bankın əsas səhmdarı olan Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir.

Digər iri səhmdar Sadiq İsmayılov isə onun qardaşıdır. Bu faktlar bankın fəaliyyəti ətrafında ictimai diqqətin niyə azalmadığını izah edir.

Maraqlıdır ki, Mərkəzi Bankın ötən ay açıqladığı rəsmi məlumata görə, Azərbaycanda barəsində ən çox şikayət edilən bank məhz “Bank BTB” ASC olub. Müştəri narazılıqları, şəffaflıq problemləri və indi də maliyyə hesabatlarındakı ziddiyyətlər bankın etibarlılığı ilə bağlı sualları daha da artırır.

Ortaya çıxan mənzərə onu göstərir ki, “Bank BTB”nin maliyyə hesabatlarında şəffaflıq yoxdur, təqdim olunan məlumatlar isə reallığı əks etdirmir. Bu cür yanaşma təkcə ictimai etimadı sarsıtmır, eyni zamanda bank sektorunda sağlam rəqabət prinsiplərinə ciddi zərbə vurur.

Məsələ ilə bağlı aidiyyəti qurumların – xüsusilə Mərkəzi Bankın və Dövlət Vergi Xidmətinin mövqeyi maraq doğurur.

Ramiz Mehdiyevin adı dövlətə xəyanət, hakimiyyət səlahiyyətlərindən sui-istifadə və maliyyə maxinasiyaları kontekstində hallanır. “BTB Bank” ASC-nin fəaliyyəti ilə Mehdiyevin üzləşdiyi maliyyə maxinasiyası ittihamları arasında əlaqənin olması da istisna edilmir.

Bir zamanlar “boz kardinal”ın ailəsinə bağlı bank kimi tanınan BTB-nin bu gün zərər, şikayətlər və reputasiya böhranı ilə üz-üzə qalması təsadüfdürmü? Yoxsa bu, Mehdiyev epoxasının maliyyə sonluğudur?

Ramiz Mehdiyevə qarşı irəli sürülən ən ağır ittihamlardan biri dövlətə xəyanət maddəsi üzrə istintaqa cəlb olunmasıdır. Bu ittiham çərçivəsində onun dövlət institutlarını zəiflədən proseslərdə rolu, hakimiyyət daxilində kölgə təsir mexanizmləri, eləcə də xarici təsir mərkəzləri ilə mümkün əlaqələri araşdırılır.

Bu tip fəaliyyətlər maliyyə dayaqları olmadan mümkün deyil. Məhz bu nöqtədə bank məsələsi gündəmə gəlir. Mətbuatda Ramiz Mehdiyevin PA rəhbəri olduğu dövrdə kadr təyinatlarına, iqtisadi qərarlara və nəzarət orqanlarının fəaliyyətinə qeyri-rəsmi təsir göstərməsi barədə müxtəlif səpkili yazılar dərc olunub. Bu təsirin maliyyə dayağının isə ailə üzvləri üzərindən idarə olunan biznes strukturları olduğu iddia edilir.

“Bank BTB”nin əsas səhmdarının Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva olması bu baxımdan xüsusi diqqət çəkir. Ramiz Mehdiyev bankın ona məxsus olmadığını bildirsə də, ailə üzvləri üzərindən nəzarət modeli postsovet siyasi sistemlərində kifayət qədər tanışdır.

Araşdırıldığı bildirilən əsas epizodlardan biri də Ramiz Mehdiyevin uzun illər ərzində formalaşdırdığı maliyyə şəbəkəsidir. Bura formal sahiblər vasitəsilə gizlədilən aktivlər, bank sektoru ilə bağlı əlaqələr, kredit və hesablaşma mexanizmlərindən sui-istifadə iddiaları daxildir.

“Bank BTB”nin son üç ildə ardıcıl zərərlə işləməsi, kapitalın azalması və maliyyə dayanıqlığının zəifləməsi bu şübhələri daha da gücləndirir. Bank əməliyyatları üzərindən vəsaitlərin “yuyulması”, şübhəli kredit əməliyyatları ehtimalları da səsləndirilir. Bank sektorunda bu cür ehtimalların özü belə lisenziyanın geri çağırılması üçün ciddi risk hesab olunur.

Mərkəzi Bankın statistik məlumatlarında BTB Bank müştəri şikayətləri üzrə ön sıralarda yer alır. Kredit narazılıqları, ödəniş problemləri, xidmət keyfiyyətinin aşağı olması bankın təkcə maliyyə deyil, eyni zamanda idarəetmə böhranı yaşadığını göstərir.

Görünən odur ki, “Bank BTB” üçün Ramiz Mehdiyevin “çətiri” altında siyasi qoruma dövrü başa çatıb və sürətli eniş mərhələsi başlayıb. Mehdiyevin siyasi səhnədən gedişindən və istintaqa cəlb olunmasından sonra bir vaxtlar ona bağlılığı səbəbindən toxunulmaz sayılan strukturlar – media, fondlar, bizneslər və “Bank BTB” də artıq açıq risk zonasındadır.

Hazırda bankla bağlı ziddiyyətli məlumatların yayılması da təsadüfi görünmür.

Tehsil-press.az

Oxşar xəbərlər