“Hesab bilmirsən, yoxsa yanın çubuq görməyib?”(Azərbaycan ata sözü)
Rusiya-Ukrayna savaşında Rusiya tərəfdən muzdlu döyüşçü kimi iştirak edən, həlak olan azərbaycanlılar haqda xəbərlər çoxalmış, mətbuatda da buna haqlı etirazlar başlamışdı. Mən özüm də həmin şəxslərin cinayətkar olması barədə yazmışam. Nəhayət, Baş Prokurorluqdan münasibət gəldi. İdarə bəyanat yayıb, deyir xaricdə bu kimi işlər görmək ağır cinayət sayılır, 8 ildən 20 ilə, ya da ömürlük cəzası var.
Çox gözəl. Vaxtında, bəlkə də gec verilmiş açıqlamadır. Hətta bəyanatın bir yerində “bu növ cinayətlərlə məşğul olan bəzi vətəndaşlarımızın cəzalandığı” yazılmışdı. Ancaq niyə bizə detallı bilgi verilmir? Həmin şəxslər kimdir? Suriyada, Əfqanıstanda, İraqda radikal dinçi qruplaşmalar tərkibində döyüşən və buna görə Azərbaycanda müxtəlif cəzalar almış şəxsləri biz görmüşük, ad-soyadlarını oxumuşuq. Rusiya ordusuna qoşulanlarımız barədə isə belə detallı informasiya yoxdur. Nəticədə şübhə yaranır ki, prokurorluq Şimaldan heç kimi cəzalandırmayıb, elə həmin Orta Doğu muzdlularımızı nəzərdə tutur.
İkinci diqqətçəkən mövzu Misir mövzusudur. Yox, Afrikanın şimalındakı dövləti nəzərdə tutmuram, Misir Mərdanovdan bəhs edirik. Eks-təhsil naziri uzun illərdən sonra, 79 yaşında nəhayət dincə qoyulmuşdur. Təhsil sektorunu batırandan sonra Misir müəllim AMEA Riyaziyyat və Fizika İnstitutuna başçılıq edirdi. Onun gərgin əməyi sayəsində respublikamızda riyaziyyat elmi fısqırıq nailiyyətlər əldə etməkdə idi. Məsələn, “İki dəfə iki beşə bərabər imiş”, “90 dərəcəli bucaqda su qaynayır”, “Altı qara qoyunun 4 ayağı vardır” kimi postulatlar, aksiomalar, teoremalar dünya elmində çaxnaşmalar törətmişdir. Misir müəllimə bu münasibətlə riyaziyyat üzrə Nobel mükafatı vermək istəmişdilər, lakin Nobel komitəsi sonradan qəfil anlamışdır ki, riyaziyyat üzrə Nobel mükafatı, ümumiyyətlə, yoxdur. Stokholm və Osloda, Zəngəzur dağlarında və Novxanı bağlarında xeyli dilxorçuluq yaşanmışdır. Mənim yadımdadır, o vaxt buna görə Norveç səfiri Steynar Gil istefa verdi, səfirliyi isə Tiflisə köçürdülər. Yanılmıramsa, hələ də Norveç səfirliyi orada fəaliyyət göstərməkdədir.
Bəs indi necə olacaq? Elm və təhsil sektorumuz qarşısında duran əsas Şekspir və Misir sualı budur. Güman edirəm riyaziyyat elmimiz tənəzzülün girdabında boğulmağa başlayacaq. Mərdanovun işdən çıxarılması sayəsində gələn ildən vurma cədvəlini unudacağıq. Bolonya sistemi kurrikuluma girəcək, məktəblərimizdə dərs keçməyə başlayacaqlar. Bunun çox ağır nəticələri olacaqdır, biləsiniz. Dərs oxuyan uşaq millətin gələcəyi üçün ən böyük təhlükədir.
Sözgəlişi, nazirlik də bu işin nə qədər çətin olduğunu anlayırdı, o üzdən Misir müəllimi əslində işdən çıxarmadılar. Sadəcə, iki dənə institutu birləşdirdilər, təzə yaranan instituta başqa adamı direktor qoydular. Vəssalam. Misir müəllim nəticədə işsiz qaldı. Bəlkə də Misir müəllim üçün belə məsləhətdir, indi, 79 yaşında asudə qalıb elmi işlərlə məşğul olar, kəşfləri ilə xalqımızı sevindirər. Çox gec deyil. Məndə olan məlumata görə, nazirliyin legionerləri Misir müəllimə hücuma keçən anda o, bağındakı qumluqda məhz hansısa teoremi kəşf edirmiş. Hətta tərtəmiz Qərbi Azərbaycan latın ləhcəsində qışqırıb ki, “Noli turbare circulos meos!”, yəni institutu cəhənnəmə ləğv edirsiniz, barı yığdıqlarıma - çertyojlarıma toxunmayın.
İnşallah, mənim bu cızmaqaram dərc edilənəcən Misir müəllimə nəsə vəzifə tapıb, düzəldib verərlər. Ölkəmizdə elə adamlar var ki, onların pensiyaya çıxması işləməyindən daha pis və təhlükəlidir.
Tehsil-press.az





