Məktəb uşaqlarının siyahısı

Məktəb uşaqlarının siyahısı Əlimdə siyahı var. Məktəblilər sıralanıb. 1973-1983-cü illər arası Şuşanın 4 nömrəli məktəbindən keçmiş uşaqlar.

Üç paralel sinifdən biri tam adbaab gedir: ilk qədəm qoyduğum “s” sinfi. Biz “Se” deyərik.

41 nəfərik.

Siftə 36 olmuşuq.

Bir uşaq çox zəif idi, az tab gətirə bildi.

Biri 1-ci sinfi keçmədi.

İkisi az oxudu bizimlə, başqa məktəbə getdilər.

Bir nəfər yuxarı sinifdə ilişib bizə qoşuldu, ayaq sürüyüb yenə sinifdə qaldı.

Yol uzunu “Se”yə daha dörd nəfər gəldi.

8-ci sinifdən sonra “Se”nin bir hissəsi məktəbdən ayrıldı, qalan hissəsini bölüb “a” və “b” siniflərinə qatdılar.

“A” ilə “b” siyahımda yarı-yarımçıqdır. “Se” uşaqları ilə 9-10-u bir oxumuş hamı yaddadır, qalanları adda-budda.

Amma sinif fərqi yox olub çoxdan, heç bir gün də birgə oxumadığımız uşağa sinif yoldaşı deyirik.

Həyatda olmayanlar ayrıca siyahıda gedir. Bu ay “Se” siyahısından Oqtayı da o ayrıca siyahıya keçirməli oldum. Canımız Oqtay. Dirəyimiz. Heç əlim gəlmirdi.

Telefonda qalır adı: “Oku”. Hər yığanda ilk sözü bu olurdu: “Hay can, Zeynalov”.

İndi yığıram “Oku”nu, oğlu götürür, hal-əhval tuturam, deyir, əmi, heç inanmırıq, elə bilirik harasa gedib ata, qayıdıb gələcək...

Kim inanır axı Oqtayın yoxluğuna? Hələ yuxu kimi gəlir Elxanın o gecə zəngi. Yanvarın 19-dan 20-nə keçən gecənin qara xəbəri. Dedi Oqtay xəstələnib, getmək lazımdır. Əynimi geyinəndə Xaqanidən zəng gəldi, o dəqiqə bildim ki, Elxanın ürəyi gəlməyib gerçəyi desin...

Həmin günün, 19 yanvarın səhəri evdən çıxanda Oqtayın gülər üzü yadıma düşmüşdü yenə. Xalası oğlu Elçin Sadıqovla (“Se”nin “Qaraddi”si) qol-qola dəhliz boyu yeriməkləri vardı:

- Gəl gedək tövləmizə, gəl gedək tövləmizə...

Oqtaygil bina evində olurdu. Məktəbin yaxınlığında kiçik həyət evləri də vardı, qoyun-quzu saxlanardı. Elçinlə həyətə baş çəkib qayıdardılar. “Tövləmiz” adı vermişdilər ora.

Onlar deyərdi, biz də xorla qoşulardıq:

- Gəl gedək tövləmizə...

19 yanvar səhəri bu mənzərə yenə gözümün qabağına gəlmiş, ürəyimdən Oqtayı yığmaq keçmişdi.

Axşamüstü isə bir dosta Oqtayın Sulduzla tələbəlik macərasından danışmışdım. Bir az Sulduzdan, bir az Oqtaydan eşitdiyim o macəranı tam canlandıra bilməmişdim, demişdim bir gün “Oku”dan soruşarsan...

Kim deyərdi bir neçə saat sonra uçqun altında qalarıq...

“Se” sinfinin Mehmanı 1986-cı ildə Dnepr çayına qərq olub.

Fazil 35 yaşında gözünü yumub.

Ramazanla Şaiqin nə vaxt öldüyünü dəqiq bilmirəm.

Sadiq yarası təzədir: 2024-cü il.

Heç kimi unutmuruq: “a” dan Gülmira, İlyas, Kamal, Malik, Rauf, Rövşən, “b”dən Cavid, Nizami, Reyhan, Sevil, Şamama...

Amma Oqtay... Dəfnindəki, yasındakı insan seli də göstərdi nə itkidir Oqtay. Olduğu hər yerin ağası, baş adamı.

Üçü günü heç istəmirdim yas bitsin. Elə bilirdim Oqtay yanımda dayanıb, ovunuram bu cür.

Yas dağılanda ayağımız getmirdi. O ovqatı mərasim evindən ayrılanda Elxan boğula-boğula ifadə elədi:

- “Oku”nu qoyub gedirik...

Oqtayla səkkiz il birgə, iki il paralel oxumuşam. Heç ayrı olmamışıq. 52 ildən çox çəkib birgəlik. Bir hüzr düşəndə, bir xeyir iş olanda ən çox aradığımın biri Oqtay idi. Görmədim özünü qırağa çəksin. Tək sinif uşaqlarının xeyir-şərindən söhbət getmir, hansı yasa girirdin Oqtayı görürdün, hansı toya gedirdin, yenə eləcə, ona görə hamının cızdağı çıxır indi...

Oqtayın qardaşı Təvəkkül Şuşa döyüşündə yaralanıb şəhid olmuşdu.

Köçkünlükdə əvvəl atasını, sonra anasını itirdi.

Kiçik balası tələf oldu.

Sonra balaca qardaşı, əlimizdə böyümüş Rövşən qəzada həyatını itirdi.

Məktəbli qızı dünyadan köçdü.

Böyük qardaşı çiynində getdi.

Hər oğulun dözə bilməyəcəyi ağrıları vardı Oqtayın, amma heç qəddini əymədi.

Biz də ona baxıb toxtayırdıq. Arxamız, güman yerimiz kimi baxırdıq.

Ona görə çətindir, çox çətin.

Əlimdə siyahı var, əlimi yandırır...

Hikmət Sabiroğlu


Tehsil-press.az

Oxşar xəbərlər