İşgüzarlığın və peşəkarlığın 10 illik yubileyi

İşgüzarlığın və peşəkarlığın 10 illik yubileyi Bütün dövrlərdə jurnalistikanın və jurnalistin üzərinə qoyulan tələblərdən ən vacibi aşağıdakılar olmuşdur desək yanılmarıq: İstənilən halda hər bir informasiya anlaşıqlı dildə təqdim olunmalı, obyektiv, qərəzsiz, etibarlı və aktual olmalıdır. Son dövrlərdə texnologiyanın sürətlə inkişafı jurnalistikanın təməl prinsiplərini dəyişməsə də bu sahədə yeni istiqamətlər və yanaşmalar meydana gətirmişdir. Ənənəvi jurnalistikadan fərqli olaraq müasir jurnalistikanın texniki resurslarından tutmuş təqdim olunma formalarına qədər bir sıra yeniliklər və qeyri-standart yanaşmalar zərurəti ön plana çıxmışdır. Çap mediası öz nostalji dəyərini saxlasa da, hazırda elektron informasiya mənbələri və vasitələri daha geniş çeşiddə yayılmış, öz çevikliyi və operaivliyi ilə kütləvi istinad mənbəyinə çevrilmişdir. Bir sözlə internet deyilən qlobal informasiya şəbəkəsi hər birimizin həyatına daxil olmuş və ehtiyac baxımından ən gərəkli ünsürlərindən birinə çevrilmişdir. Anındaca lazım olan informasiyanın saytlardan, portallardan, süni intellektdən və s. əldə etmək imkanı interneti zəruri edən səbəblərdən başlıcasıdır əlbəttə. Lakin burada da ən dürüst, keyfiyyətli və real informasiyanı hansı sayt(lar)dan əldə etmək məsələsi internet və ya elektron media istifadəçisinin əsas tələbatlarından biridir. Bu tələbatı layiqincə qarşılaya bilən elektron informasiya resurslarından biri də “Təhsil-press” İnformasiya Agentliyidir.

2016-cı ildə yaradılmış “Təhsil-press” İnformasiya Agentliyi bu günlərdə fəaliyyətinin 10 illiyini qeyd etməyə hazırlaşır. Göründüyü kimi hələlik 10 il fəaliyyətdə olan bir elektron media resursu üçün bu dövr o qədər də uzun bir zaman kəsiyi deyildir. Lakin görülən işin həcmini və keyfiyyətini nəzərə alanda “Təhsil-press” İnformasiya Agentliyi yaxşı mənada adamı təəccübləndirir. Onu deyə bilərəm ki, bir yazıçı-jurnalist olaraq, “Müəllim sözü” adlı təhsil yönümlü qəzetin baş redaktoru olaraq mən də müntəzəm olaraq bu agentliklə əməkdaşlıq edirəm. Agentliyin eyni adlı saytında gedən materiallardan davamlı şəkildə faydalanıram. Bizim əməkdaşlığımızın digər bir qolunu da qarşılıqlı informasiya mübadiləsi təşkil edir ki, bunun da hər iki tərəfə inkişaf etmək üçün müsbət təsiri olur. Əslində bizim qəzetin əsas fəaliyyət istiqamətləri və hadisələrə yanaşma meyarları “Təhsil-press” İnformasiya Agentliyinin mövqeyi ilə çox zaman kəsişdiyindən əməkdaşlığımız hər iki tərəfi məmnun edir. Adından da göründüyü kimi təhsil sahəsi hər iki media orqanının əsas fəaliyyət istiqamətidir. Təhsil, elm, pedaqoji fəaliyyət, müəllimlik peşəsi, alimlik yolu, ziyalılıq missiyası və s. bu siyahını uzatmaq da olar. Məhz “Təhsil-press” İnformasiya Agentliyinin kənardan heç bir dəstək olmadan, öz daxili imkanları hesabına yorulmadan araşdırdığı və şəffaf şəkildə cəmiyyətə təqdim etdiyi istiqamətlər və dəyərlər bunlardır.

Əslində onu da etiraf edək ki, bu gün cəmiyyətimizin ən çox qayğıya möhtac olan təbəqəsi də müəllimlərdir. Axı həm də müəllim sözü sabaha açılan qapı, müəllim özü isə gələcəyə uzanan körpüdür. Təhsil cəmiyyətin onurğa sütunudur, dövlətin gücüdür! Ziyalı işıq axtaran və işıq paylayandır. Elə bu səbəbdən də gördüyü əhəmiyyətli işlərə rəğmən “Təhsil-press” İnformasiya Agentliyinin rəhbəri dəyərli dostum Əkbər Hüseynzadəyə və onun işgüzar komandasına şəxsən öz adımdan, eləcə də “Müəllim sözü” qəzetinin yaradıcı kollektivi adından bol-bol yaradıcılıq uğurları arzulayıram. İnanıram ki, “Təhsil-press” İnformasiya Agentliyi bundan sonra da cəmiyyəti obyektiv, qərəzsiz, daha vacib və daha aktual informasiyalarla təmin etməkdə aparıcı mövqeyini qoruyub saxlamaqla, öz fəaliyyətinin növbəti 10 illiklərinə yeni-yeni uğurlarla qədəm qoyacaqdır!

Vahid Aslan,
Yazıçı-jurnalist,
“Müəllim sözü” qəzetinin baş redaktoru.


Tehsil-press.az

Oxşar xəbərlər