İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı Nəbatiyə şəhərinə endirdiyi hava zərbəsi nəticəsində Rusiya Mədəniyyət Mərkəzinin binası demək olar ki, tamamilə dağılıb.
Rusiya mediasının yaydığı məlumata görə, zərbə şəhərin Əl-Bayad məhəlləsinə endirilib. Şahidlərin bildirdiyinə görə, güclü partlayış nəticəsində bina xarabalığa çevrilib. Hazırda mərkəzin əməkdaşları və ya mülki şəxslər arasında xəsarət alanların olub-olmaması barədə məlumatlar dəqiqləşdirilir.
İsrail tərəfi bu konkret hədəflə bağlı hələlik rəsmi şərh verməsə də, ÇAXAL daha əvvəl Livanın cənubunda "Hizbullah"a məxsus 170-dən çox obyektin vurulduğunu bəyan etmişdi. İsrail komandanlığı iddia edir ki, "Hizbullah" mülki və mədəniyyət binalarından hərbi məqsədlər üçün anbar və qərargah kimi istifadə edir. Rusiya Xarici İşlər Nazirliyindən isə hələlik rəsmi etiraz bəyanatı gəlməyib, lakin ekspertlər bu hadisənin Moskva və Tel-Əviv arasındakı onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirəcəyini proqnozlaşdırırlar.
Tehsil-press.az










