Fəaliyyətimizə verilən yüksək dəyərə uyğun surətdə yolumuza davam edək!

Fəaliyyətimizə verilən yüksək dəyərə uyğun surətdə yolumuza davam edək! Salam, əziz oxucular!

Çoxillik jurnalist fəaliyyətimdə bir neçə mətbu orqanlarda məsul vəzifələrdə çalışmışam. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən hadisələri işıqlandırmışam. İctimaiyyət nümayəndələrindən aktual məsələlərlə bağlı müsahibələr götürmüşəm.

2007-ci ildən sahə jurnalistikasında (təhsil) fəaliyyət göstərməklə, təhsil üzrə nüfuzlu ekspertlərdən sayılıram. Təkcə 2016-cı ildən rəhbərlik etdiyim informasiya agentliyində deyil, başqa mətbu və elektron kütləvi informasiya vasitələrində də aktual mövzularda çıxışlar edir, müsahibələrim dərc olunur.

Pedaqoji sahədə də zəngin təcrübəyə malik olduğum üçün çıxışlarım həmişə cəmiyyətdə maraqla qarşılanmış, bəzən hətta rezonansa səbəb olmuşdur. Orta, orta ixtisas, ali təhsilin problemlərinin həllinə nail olmaq yönündə araşdırma və təkliflərim bəyənilib, dəyərləndirilib.

Düz 10 il əvvəl müstəqil saytın sükanı arxasına keçmək qərarına gələndə hiss edirdim ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olmağım, əlavə hüquq təhsili almağım, uzun illər ərzində topladığım təcrübə mənə bu məsuliyyətli işin öhdəsindən gəlməkdə kömək edəcək. O vaxt yeni elektron resursun adını “Təhsil-press” seçdik. Təşkilati-hüquqi forması informasiya agentliyi olan saytın qeydiyyatdan keçməsində bəzilərinin iddialarından fərqli olaraq heç bir süni maneəyə, bürokratik əngələ rast gəlmədik. Bu da son illər dövlətimizin medianın inkişafına göstərdiyi dəstək mexanizmlərinin səlis işləməsinin sübütüdür.

Saytın 10 yaşının tamam olması xalqımızın, cəmiyyətimizin gələcəyə nikbin nəzərlərlə baxdığı, dövlətçiliyimizin öz inkişafının indiyədək görünməmiş yeni, yüksək mərhələyə çatdığı dövrə təsadüf edir. Artıq Azərbaycan bütövdür, torpaqlarımız düşmən işğalından tam azad olunub, suverenliyimiz təmin olunub. 30 il xalqımızı narahat edən Qarabağ problemi köklü surətdə həll edilib. İndi yaranmış yeni reallıqlar biz jurnalistlərə də mənzərəyə başqa rakursdan yanaşmanı tələb edir. Nəyi, nə vaxt və necə etməyi bilən dövlət rəhbərliyinin daxili və xarici siyasətinə informasiya dəstəyi vermək əsas fəaliyyət leytmotivimiz olmalıdır.

Şadam ki, media ictimaiyyəti, jurnalist birlikləri mənim məhsuldar fəaliyyətimə yüksək dəyər vermiş, müxtəlif media və ədəbi mükafatlarla təltif etmişdir. Media sahəsində göstərdiyim xidmətlərə yüksək dəyər verən dövlətimizin başçısı, Jurnalistlərin Böyük Dostu cənab İlham Əliyevə, Medianın İnkişafı Agentliyinin direktoru cənab Əhməd İsmayılova bir daha “Azərbaycan milli mətbuatının 150 illik yubileyi” medalı ilə təltif olunmağım ilə əlaqədar bir daha minnətdarlığımı bildirirəm. Bu gün dostlardan, həmkarlardan, oxuculardan gələn təbrik mesajlarını qəbul etməkdən məmnunluq duyuruq. Mən və sağlam əqidəli jurnalistlərdən formalaşmış kollektivimiz çalışacağıq ki, bundan sonra da bizə verilən yüksək dəyərə uyğun fəaliyyətimizi davam etdirək.

Əkbər Hüseynzadə,
“Tehsil-press.az” İnformasiya Agentliyinin direktoru
Təhsil məsəslələri üzrə ekspert


Tehsil-press.az

Oxşar xəbərlər