Üzərlik narkotik elan edildi - REPORTAJ

Üzərlik narkotik elan edildi - REPORTAJ Rusiya tərəfindən harmala (üzərlik) bitkisinin narkotik tərkibli maddələr siyahısına daxil edilməsi xəbəri ciddi müzakirələrə səbəb olub. Qərar Azərbaycanda həm alimlər, həm həkimlər, həm də ictimaiyyət arasında maraq və narahatlıq doğurub. Halbuki Azərbaycanda üzərlik min illərdir məişətdə və dini-ənənəvi inanclarda istifadə olunur, bazarlarda açıq şəkildə satılır və insanların gündəlik həyatına qarışıb.

Musavat.com-un əməkdaşı olaraq məsələ ilə bağlı müşahidələr apardıq.

Məlum oldu ki, üzərlik bitkisi hazırda əvvəlki kimi satışdadır və alıcılar onu hər zamankı kimi alır. “8-ci kilometr” bazarında bu bitkinin dəstəsinin qiyməti 0,50–1 manat arasında dəyişir. Kiçik dəstələr 50 qəpik, böyük dəstələr isə 1 manatadır.

Satıcılar dedilər ki, Rusiyada belə bir qərarın verilməsindən təəccübləniblər:

“Dədə-babadan görmüşük ki, üzərlik sakitləşdirici məqsəd daşıyır. Əgər orada narkotik maddələr olsaydı, çoxdan məlum olardı. Üzərliyin satışı əvvəlki kimi davam edir. Xüsusən toy mövsümündə bu bitkilərdən çox alınır”.

Alıcılarla da söhbətləşdik. Onlar bildirdilər ki, üzərliyi sakitləşdirici və göz qaytarmaq məqsədilə alırlar:

“Gözümüzü açandan evimizdə üzərlik olub. Qapının üstündə də var, göz qaytarmaq üçün hətta maşınımda da saxlayırıq. Üstəlik, evdə baş ağrısı olanda yandırırıq, yaxşı effekt verir”.

Qeyd edək ki, üzərlik (harmala) əsasən “Peganum harmala” bitkisi olaraq tanınır və qədimdən bəd nəzərdən qorunmaq məqsədilə, dini mərasimlərdə və xalq təbabətində istifadə olunur. Mütəxəssislər qeyd edir ki, bitkinin əsas aktiv maddələri harman və harmalin alkaloidləridir ki, bu maddələr sinir sistemi üzərində təsir göstərir, müəyyən dozada sakitləşdirici və rahatlaşdırıcı effekt yaradır. Bununla belə, üzərlik kimyəvi baxımdan güclü alkaloidlər ehtiva etsə də, insanların gündəlik istifadəsi üçün zərərli deyil. Problem yalnız həddindən artıq və ya qida əlavəsi kimi xam formada qəbul edildikdə ortaya çıxa bilər.

Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov Musavat.com-a danışıb.

Mütəxəssis qeyd edib ki, üzərlik bitkisi Azərbaycanda qədim zamanlardan xalq təbabətində istifadə olunur:

“Onun istifadəsi müxtəlif məqsədlərlədir: həm müxtəlif ağrılardan azad olmaq, həm sakitləşdirici məqsədlə, həm də yuxu tənzimləyici kimi tətbiq olunur. Eyni zamanda xalq arasında zərərli baxışlardan qorunmaq üçün ritual məqsədilə də geniş yayılıb. Bu məqsədlə üzərlik bitkisinin yandırılması və tüstüsünün müəyyən çərçivədə istifadə olunması adət halını alıb.

Bir çox hallarda insanlar üzərlik bitkisinin tüstüsünü yandırarkən sakitlik tapırlar, yuxuları rahatlaşır. Burada inam da mühüm rol oynayır: bitkiyə olan etimad onu daha faydalı, sakitləşdirici və bəd nəzərdən qoruyucu hesab etməyə sövq edir. Məsələn, bir şəxs baş ağrısı və əsəbiliklə bağlı müraciət edir. Evdəki digər şəxslər düşünür ki, göz dəyib və buna görə baş ağrısı və əsəblər pozulub. Üzərlik bitkisi yandırılır və şəxs sakitlik tapır; nəticədə insanlar düşünür ki, “göz qayıtdı” və şəxs rahatlaşdı”.

Həkim bildirib ki, üzərlik bitkisində müəyyən alkaloidlər var:

“Bu maddələr orqanizmdə olan monoaminoksidaza fermentinin fəaliyyətinə təsir göstərir. Bu ferment sinir sistemindəki müxtəlif neyromodulyatorların səviyyəsini tənzimləyir. Bu neyromodulyatorlar arasında ən çox serotonin, noradrenalin, dopamin və sair maddələr tanınır. Son zamanlar sosial şəbəkələrdə də bu adlar tez-tez çəkilir.

Məhz bu səbəbdən üzərlik xalq təbabətində sakitləşdirici, yuxu tənzimləyici və antistress məqsədilə istifadə olunub. Tibbdə antidepressiv dərmanlar da eyni neyromodulyatorların axın zəncirlərinə təsir edərək rahatlaşdırıcı effekt yaradır. Üzərlik bitkisinin tərkibində olan maddələr də dolayısı ilə bu prosesi stimullaşdıraraq sakitləşdirici təsir göstərir. Bunun nəticəsində insanlar bitkinin möcüzəvi və eyni zamanda bəd nəzərdən qoruyucu olduğunu qəbul ediblər”.

Rusiyada bu bitkinin narkotik kimi elan edilməsi məsələsinə gəldikdə, Zülfüqar Yusifov qeyd edib ki, qərarın əsl səbəbləri və kimyəvi əsasları haqqında açıqlama yoxdur:

“Ola bilər ki, bitkinin tərkibində müəyyən dozada psixoaktiv təsir göstərən alkaloidlər aşkar olunub. Lakin bu məsələnin dəqiq araşdırılması vacibdir. Müxtəlif regionlarda yetişən bitkilərin tərkibi fərqli ola bilər, iqlim və torpaq şəraiti maddələrin konsentrasiyasına təsir göstərir. Müəyyən dozada və xalq təbabətində istifadə edilən üzərlik ciddi tibbi problem yaratmır. Uzunmüddətli və həddindən artıq istifadə hallarının təsiri barədə müxtəlif versiyalar olsa da, müvafiq qurumlar tərəfindən bitkinin kimyəvi tərkibi araşdırılmalı və insan orqanizminə təhlükəli təsir səviyyəsi müəyyən edilməlidir. Eyni zamanda bir sıra bitkilərdə, xüsusilə çiçəklərdə suboptimal dozada təsir edən maddələr aşkarlandıqda belə, normal istifadədə tibbi problem yaranmır. Yəni üzərlik xalq arasında ənənəvi və kontrollu şəkildə istifadə edildiyi müddətdə təhlükəsiz sayılır”.

Tehsil-press.az

Oxşar xəbərlər