
Bu artım eyni zamanda, ərzaq məhsullarına və ya logistik sahəyə də təsir edə bilərmi?
Bununla bağlı açıqlama verən iqtisad elmlər doktoru, professor, Milli məclisin IV çağırış millət vəkili Rüfət Quliyev ümumi mənzərəyə nəzər yetirdikdə, bəşəriyyətin sanki nəzarəti itirdiyinin təəssüratı yarandığını deyib.
Onun sözlərinə görə, hazırda dünyanın müxtəlif bölgələrində silahlı qarşıdurmalar davam edir:
“Təkcə İsrail–İran və Rusiya–Ukrayna münaqişələri ilə məhdudlaşmayan bu proses, hazırda 20-yə yaxın ölkəni müharibə şəraitində yaşamağa məcbur edib. Bəzi münaqişələr daha da şiddətlənməkdədir, bəziləri isə hələlik gərginlik mərhələsində olsa da, eskalasiya potensialı yüksəkdir”.
İqtisadçının fikrincə, enerji resursları – neft, qaz və digər strateji məhsullar üzrə qiymət artımları davam edəcək:
“Çünki İsrail–İran arasında hərbi gərginlik artan xətt üzrə inkişaf edir və bu, qlobal enerji bazarlarına birbaşa təsir göstərir. Bundan əlavə, logistik və nəqliyyat xərclərinin də yüksələcəyi gözlənilir. İran ərazisində yerləşən əsas dəniz qovşaqlarından biri olan Bəndərabbasa artıq raket zərbələri endirilib. Bu, təkcə Azərbaycan üçün deyil, bir çox region ölkələri üçün də ciddi iqtisadi risklər yaradır”.
R.Quliyev əlavə edib ki, mövcud dinamika göstərir ki, neft və qazın qiymətində artım tendensiyası müşahidə olunur:
“Bunun mənfi tərəfi ondan ibarətdir ki, bu dəyişikliklərə hazır olmayan ölkələr üçün iqtisadi çətinliklər qaçılmaz olacaq. Enerji daşıyıcılarının bahalaşması, həm kənd təsərrüfatı, həm də sənaye sektorunda məhsulların maya dəyərinə təsir edir. Bu da öz növbəsində inflyasiyanın ümumi səviyyəsini artırır.
Qarşıdakı iki həftə ərzində proseslərin taleyi müəyyənləşəcək. Burada əsas rol ABŞ-ın mövqeyindən asılıdır. Rusiya və Çin artıq öz münasibətlərini ortaya qoyublar – hər iki dövlət müharibənin əleyhinədir. Bu baxımdan, son söz yenə də Vaşinqtona məxsusdur. Əgər ABŞ qarşıdurmaya birbaşa müdaxilə etməz və diplomatik həll yollarını dəstəkləyərsə, münaqişənin böyüməsinin qarşısını almaq mümkün ola bilər. Lakin bu barədə dəqiq proqnoz vermək hələ tezdir”.
Müsahibimiz qeyd edib ki, İran ərazisində 30 milyondan çox etnik azərbaycanlı yaşayır və çoxu ərəb ölkələrinə üz tutacaq:
“Onların imkanlı təbəqəsi ehtimal ki, ərəb ölkələrinə və Avropaya üz tutacaq. Ancaq imkansız əhali daha çox Azərbaycanda məskunlaşmağa çalışacaq. Əgər bu axın 5–10 min nəfərlə məhdudlaşsa, dövlət büdcəsi və idarəetmə sistemi bu yükü qaldıra bilər. Lakin say 200–300 min nəfərə çatarsa, bu, ölkəmiz üçün ciddi sosial və iqtisadi problemlər yaradacaq. Sonda qeyd etmək istəyirəm ki, beş il əvvəl quru sərhədlərin bağlı saxlanılması ilə bağlı qəbul edilən qərar, siyasi baxımdan çox uzaqgörən və düzgün addım idi”.
Tehsil-press.az