Xocalı cəlladından NÖVBƏTİ həyasızlıq – “Azərbaycanla müharibə...”

Xocalı cəlladından NÖVBƏTİ həyasızlıq – “Azərbaycanla müharibə...” Ermənistanda son dərəcə kritik və taleyüklü 7 iyun parlament seçkiləri yaxınlaşdıqca radikal-revanşist qüvvələrin hakimiyyət əleyhinə ideoloji terroru və təzyiq cəhdləri də artır. Hədəf məlum: nəyin bahasına olur-olsun, Baş nazir Nikol Paşinyanın “Real Ermənistan” gündəliyini ictimai rəydə gözdən salıb təzədən “bulanıq suda” balıq tutmaq, seçicinin “saqqızını” oğurlayıb hakimiyyəti ələ keçirmək. Odur ki, hər cür absurd və iyrənc təbliğati fəndlər dövriyyəyə buraxılıb.

“Əgər “Ermənistan” bloku qarşıdakı seçkilərdə qalib gəlsə, müharibə olmayacaq”.

Bunu ötən gün Xocalı hərbi canisi, ölkənin ikinci prezidenti Robert Koçaryan iddia edib.

“Əgər bizi 2021-ci ildə (növbədənkənar parlament seçkilərində - Z.S.) seçsəydilər, Qarabağ əhalisi qətiyyən qovulmazdı. Çünki biz vəziyyəti tamamən dəyişən o azmaq Praqa bəyanatını imzalamazdıq. Mən buna şübhə etmirəm”, – Köçəryan çərənləyib...

Yada salaq ki, 6 oktyabr 2022-ci ildə Praqada Nikol Paşinyan Ermənistan adından ilk dəfə Qarabağı Azərbaycanın tərkib hissəsi sayan sənədə imza atıb. Köçəryan isə bunu axmaqlıq hesab edir. Yəni yenə müharibə məntiqi. Görəsən o kimi gic yerinə qoyub – özünü, yoxsa erməni seçicisini?..

Bunu da yada salaq ki, həmin sənəddən, daha dəqiqi, İrəvanın Qarabağı Azərbaycan torpağı kimi tanımasından ən çox təlaşalanan radikal-revanşist rusiyapərəstlərlə yanaşı, elə Rusiyanın özü olub. Rəsmi Moskva ən yüksək səviyyədə dəfələrlə Paşinyana qarşı narazılığını ifadə edərək bildirib ki, bu, onun üçün gözlənilməz olub. Ona görə ki, Kreml münaqişədən hələ uzun müddət Bakı və İrəvana təzyiq üçün istifadə etmək istəyirdi.

Antiterror əməliyyatı başladı - Şəhidimizin qisası alındı

Planlar boşa çıxdı. Ardınca Azərbaycan bir günlük antiterror əməliyyatı keçirməklə separatçıların və Rusiyanın olan-qalan ümidlərini də basdırdı. Faktiki 100 illik problemi (1923 – süni DQMV-nin yarandığı il) tarixin arxivinə göndərdi...

Sual yaranır: görəsən niyə 2021-ci ilin iyununda, 44 günlük müharibədəki kapitulyasiyadan 7 ay sonra reallaşan növbədənkənar parlament seçkilərində ermənilər Köçəryanın partiyasını qalib eləmədilər? Axı məntiqlə seçici müharibədə məğlub olan qüvvəni dəstəkləməməli idi.

Amma dəstəklədi və qalib elədi. Əsas da o səbəbə ki, qonşu toplum bir tərəfdən müharibə istəmirdisə, ikinci tərəfdən, bununla radikal müxalifətə və onun on illərlə apardığı siyasətə neqativ münasibətini ortaya qoydu...

Ötən 5 ildə ciddi nə dəyişib ki? Erməni kilsəsi də daxil, revanşistlər hələ də köhnə dağıdıcı mövqelərində qalırlar. Onlar konstitusiyanın dəyişdirilməsinə qarşıdırlar, “artsax” deyib sarsaqlayır, Azərbaycan və Türkiyə ilə sülh və barışığı yaxına belə buraxmırlar.

Amma bu müddətdə Nikol Paşinyan hökuməti Bakı və Ankara ilə barışıq istiqamətində çox ciddi məsafə qət edib. Tarzxdə ilk dəfə Azərbaycanla sülh müqaviləsi paraflanıb. İki ölkə arasında sərhədin bir hissəsi delimitasiya və demarkasiya olunub. Ticari əlaqələr qaydaya düşməyə başlayıb. Qarşılıqlı etimadın yaradılması üçün önəmli addımlar atılıb, qarşılıqlı səfərlər təşkil edilib və s.

Bir sözlə, müharibə ehtimalı minimuma enib – tam aradan qalxmasa da. Çünki qonşu ölkənin “Əsas Qanun”unda Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları qalır.

Xocalı cəlladı isə bütün bu uğurların üstündən asanca xətt çəkmək və öz xalqını təzədən faciəvi yola sürükləmək istəyir. Erməni seçiciləri ona niyə səs verməlidir ki? Ağılları yoxmu? Axı bu, növbəti və daha dağıdıcı müharibəni sifariş eləmək, özünü intihar anlamına gələcək – Ermənistan üçün...

Tehsil-press.az

Oxşar xəbərlər