ABŞ-ın Xarq adası ilə bağlı planları real hərbi əməliyyatın başlanğıcıdır, yoxsa daha çox psixoloji təzyiq vasitəsidir?
Bu addım İranın cavab strategiyasına necə təsir edə bilər?
Mövzu ilə bağlı Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib.
“ABŞ Xarq adasına bir dəfə hücum edib və hərbi obyektləri sıradan çıxarıb. İranın körfəzdə 2 əsas strateji bazası var. Biri Bəndər-Abbas limanı, digəri isə Xarq adasıdır. Burada həm İranın əsas neft bazaları, həm də regiona təhlükə yaradacaq hərbi obyektləri yerləşir. Bunlar İranın boğaz ətrafındakı şah damarı hesab olunur”.
Politoloqun sözlərinə görə, ABŞ həmin ərazilərdə quru qoşunlarını intensivləşdirsə, İran iqtisadiyyatının inkişafının qarşısını ala bilər. Beləliklə, Tehran hakimiyyəti ağır böhranla üzləşər və hərbi əməliyyatlar aparmaq üçün maliyyə çatışmazlığı yaranar.
“Perspektivdə ABŞ-ın Xarq adasını ələ keçirməsi istisna olunmur. Hesab edirəm ki, gələcəkdə BƏƏ-yə dəstək verməklə, ABŞ Böyük və Kiçik Tunb, Əbu Musa adalarını da İranın nəzarətindən çıxara bilər”, — deyə Sədrəddin Soltan əlavə edib.
Politoloq qeyd edib ki, bu adalarda da İranın hərbi obyektləri var. Bu 3 ada BƏƏ ilə İran arasında mübahisəli ərazi olaraq qalır. Ona görə də yaranmış situasiyadan istifadə edərək BƏƏ həmin adaları geri qaytarmağa cəhd göstərə bilər.
İranın cavab reaksiyasından bəhs edən Sədrəddin Soltan vurğulayıb:
“İran ənənəvi olaraq ABŞ-ın region ölkələrində müttəfiqlərinin və strateji tərəfdarlarının ərazilərini, enerji, neft-qaz bazalarını, hasilat yataqlarını raket atəşinə tutacaq. Hadisələr onu göstərir ki, ABŞ və İsrailin zərbələri İranla müqaisədə daha dəqiqdir. Odur ki, bu üstünlüklər Xarq adası və Bəndər-Abbas limanında da təkrarlanacaq. İran hakimiyyətinin də cavab verməsi istisna olunmur. Çünki onlar bəyan edir ki, bundan sonra müdafiə deyil, hücum taktikası edəcəklər. Yaxın bir neçə həftə ərzində ciddi dəyişikliklərin olacağı gözlənilir”.
Tehsil-press.az
















