Övladınızı I sinfə göndərməyə hazırlaşırsınız? – Valideynlər üçün çox sadə “Yol xəritəsi”

Övladınızı I sinfə göndərməyə hazırlaşırsınız? – Valideynlər üçün çox sadə “Yol xəritəsi” 2026-2027-ci tədris ili üzrə I sinfə şagird qəbulu prosesi yaxınlaşır. Valideynlər artıq maraq və həyəcan içində övladlarının gələcək məktəb həyatının necə olacağını düşünürlər. Qəbul prosesinin hansı qaydada aparılacağını bilmək isə bu böyük mərhələyə hazırlaşmağın ilk açarı sayıla bilər.

“Azərbaycan müəllimi” valideynlərin proseslə bağlı bilməli olduğu bütün detalları təqdim edir:

Qeydiyyat necə və kim tərəfindən aparılır?

Şəffaflığın təmin edilməsi məqsədilə qəbul yenə də www.mektebeqebul.edu.az portalı vasitəsilə onlayn həyata keçiriləcək.

Birinci sinfə elektron qəbul ölkənin bütün şəhər və rayonlarını əhatə edir. Qeydiyyat prosesinə başlamazdan əvvəl valideyn (qanuni nümayəndə) www.mektebeqebul.edu.az elektron sistemində qeydiyyatdan keçməli və şəxsi kabinet yaratmalıdır. Azərbaycan vətəndaşları və ölkə ərazisində müvəqqəti/daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşları “Digital login” vasitəsilə şəxsi kabinetə daxil olurlar. Dövlət Miqrasiya Xidmətinin qaçqın vəsiqəsi, xidməti vəsiqə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının vəsiqəsi, xarici ölkənin vətəndaş pasportu ilə qeydiyyatdan keçmək istəyirsinizsə, Alternativ Qeydiyyat mərkəzlərinə yaxınlaşmalısınız.

Qeydiyyat prosesi yekunlaşdıqdan sonra siz www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdiyiniz sənəd növünə uyğun olaraq müvafiq sətri seçib, şəxsi kabinetdə qeyd edilən əlaqə nömrəsi və elektron sistem tərəfindən təqdim olunan şifrə vasitəsilə şəxsi kabinetə daxil ola bilərsiniz.

Valideyn (qanuni nümayəndə) Azərbaycan vətəndaşıdırsa, “Azərbaycan Respublikası vətəndaşları” sətrini seçib “Digital Login” düyməsini sıxmalıdır. Açılan pəncərədə daxilolma vasitələrindən birini seçməlisiniz. Şəxsi kabineti yaratmaq üçün “SİMA Rəqəmsal İmza”, “ASAN İmza”, “Elektron İmza”, “İdentifikasiya nömrəsi ilə” giriş edilə bilər.

Daxilolma vasitələrindən birini seçib məlumatları daxil etdikdən sonra elektron sistem sizi şəxsi kabinetin “Şəxsi məlumat” səhifəsinə yönləndirir. Qeydiyyatı tamamlamaq üçün müvafiq Rayon Təhsil Sektorunu seçin, aktiv telefon nömrənizi daxil edib göndərilən SMS kodu ilə təsdiqləyin. Digər məlumatları daxil etdikdən sonra "Yadda saxla" düyməsini klik edin. Qeydiyyatınız uğurla tamamlandı.

Əgər övladınız artıq Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qrupunda təhsil alırsa, sistem sizin üçün müvafiq məktəb və müəllim üzrə sorğunu avtomatik yerləşdirəcək. Valideyn sadəcə kabinetinə daxil olub bu sorğunu təsdiqləməli, yaxud istəyə uyğun olaraq sorğunu silib digər məktəbi seçməlidir.

Uşaq qeydiyyatdan necə keçirilməlidir?

Uşağın sistemdə qeydiyyatdan keçməsi üçün “Uşaqların qeydiyyatı” bölməsində “Uşağı qeydiyyatdan keçirmək” linkinə daxil olun. Bu zaman sizin şəxsi kabinetinizdə övladlarınızın məlumatları görünəcək. “Əlavə et” düyməsini sıxaraq məktəbyaşlı övladınızı şəxsi kabinetə əlavə etməlisiniz.

Eyni zamanda səhifənin aşağı hissəsində də uşaqların qeydiyyatını aparmaq mümkündür.

Sistemdə qeydiyyat uşağın şəxsiyyətini təsdiq edən 3 növ sənəddən biri əsasında aparılır. İstifadə olunan bütün növ sənədlərin qeydiyyatı avtomatik olaraq dövlət elektron məlumat sistemindən alınmış məlumatlar əsasında əldə olunur:
– Əgər uşaq Azərbaycan vətəndaşıdırsa, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi;
– Əgər uşaq Azərbaycan vətəndaşı deyilsə, Azərbaycanda müvəqqəti və ya daimi yaşayış üçün icazə vəsiqəsi;
– BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Himayə Sənədi seçilir.

Sənədin növünü seçməklə və sənədin növündən asılı olaraq istifadəçi FİN kodunu, sənədin seriyasını və nömrəsini və ya şəxsi iş nömrəsini daxil etməlidir. Məlumatlar müvəffəqiyyətlə alındıqdan və qohumluq dərəcəsi seçildikdən sonra “Məlumatların düzgün daxil edildiyini təsdiq edirəm” düyməsini sıxın. Sistemdə uşağın məlumatlarının müvəffəqiyyətlə əlavə olunmasına dair məlumat görünəcək. “Bağla” düyməsi sıxıldıqdan sonra əsas səhifəyə yönəldiləcəksiniz.

Həmin səhifədə sistemə daxil edilmiş uşaq haqqında məlumat və “Məktəbə sorğu” düyməsi görünəcək. Uşaqların qeydiyyatdan keçməsi haqqında məlumat “Uşaqların qeydiyyatı” bölməsində yerləşir. Uşağın adı yazılmış sahəyə nəzər salmaqla onun məlumatlarına baxa bilərsiniz.

Ünvanınızın “Dislokasiya” siyahısında olub-olmadığını necə yoxlamalı?

Qeydiyyatdan əvvəl ən vacib addımlardan biri uşağın daimi qeydiyyat ünvanının hansı məktəbin mikroərazisinə aid olduğunu dəqiqləşdirməkdir. Valideynlər müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər.

– Əgər ünvanınız siyahıda yoxdursa və ya yanlışdırsa: Dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, aprelin 6-na kimi 5, 6 və 7 saylı "ASAN xidmət" mərkəzlərindəki təhsil xidmətləri bölməsinə yaxınlaşmalı və ya [email protected] ünvanına müraciət etməlisiniz.

– Yeni binalar: Yeni inşa olunmuş binalarda yaşayanlar "Azərişıq" ASC-nin abonent kodu öz adlarına olan ünvanla dislokasiyada olduqlarını dəqiqləşdirə bilərlər.

Rus bölməsində oxumaq istəyənləri nə gözləyir?

Təhsilini rus və ya digər dildə alacaq uşaqlar üçün xüsusi müsahibə mərhələsi nəzərdə tutulub. Canlı formada keçirilən bu müsahibədə uşağın həmin dildə şifahi nitq bacarıqları yoxlanılır. Uşaq özü, ailəsi və vətəni haqqında qısa məlumat verməli, təqdim olunan şəkil üzrə kiçik mətn qurmalıdır. Müsahibənin nəticəsi 3 iş günü ərzində valideynin mobil nömrəsinə SMS-lə göndərilir. Nəticəsi "məqbul" sayılmayan uşaqlar üçün yenidən müsahibə keçirilmir, lakin valideyn Azərbaycan bölməsi üzrə sərbəst seçim edə bilər.

Hansı uşaqların qəbulda “üstünlük hüququ” var?

Bakı, Sumqayıt, Gəncə və Abşeronda bəzi məktəblərə müraciət sayının çoxluğunu nəzərə alaraq “prioritetlər”, yəni təhsil müəssisəsinə qəbulda üstünlük hüququ tətbiq edilir. Aşağıdakı hallarda uşağın qəbuluna üstünlük verilir:

– Valideynin qeydiyyat ünvanı məktəbin müəyyən edilmiş mikroərazisinə uyğun gəldikdə;
– Uşağın bacısı və ya qardaşı artıq həmin məktəbdə təhsil aldıqda;
– Valideynlərdən biri həmin məktəbin əməkdaşı olduqda. Bu üstünlükləri olmayan valideynlər isə prioritet müddəti bitdikdən sonra boş qalan yerlərə sərbəst qaydada sorğu yerləşdirə bilərlər.

Hansı məktəblərə qəbul yalnız müsabiqə yolu ilədir?

Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına musiqi məktəbi kimi müəssisələrə qəbulda heç bir prioritet keçərli deyil. Bura qəbul yalnız uşaqların xüsusi hazırlığının yoxlanıldığı müsabiqə komissiyalarının rəyi əsasında aparılır. Həmçinin bir sıra gimnaziya və məktəblərin rus bölməsinə də üstünlük hüququ olmayan uşaqlar müsabiqə yolu ilə qəbul edilirlər.

Sağlamlıq imkanı məhdud və ya yaşı 9-dan yuxarı olan uşaqlar üçün qaydalar necədir?

Xüsusi qayğıya ehtiyacı olan uşaqların qəbulu psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında həyata keçirilir. Valideyn qeydiyyatdan keçdikdən sonra 5 iş günü ərzində müvafiq sənədləri (ətraflı tibbi arayış və s.) yerli təhsil sektoruna təqdim etməlidir. İndiyədək məktəbdən kənarda qalmış 9 və daha yuxarı yaşlı uşaqlar isə fərdi təhsil qaydalarına uyğun olaraq qəbul edilirlər.

Qeydiyyatdan sonra məktəbə hansı sənədlər aparılmalıdır?

Elektron sistemdə sorğu yerləşdirildikdən sonra valideyn "Şəxsi kabinet"dən ərizəni çap etməli və aşağıdakı sənədlərlə məktəbə müraciət etməlidir:
– Valideynin şəxsiyyətini təsdiq edən sənəd;
– Uşağın şəxsiyyət vəsiqəsi;
– Uşağın sağlamlığı haqqında tibbi arayış (Forma 26U);
– 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.

Məktəb sənədlərin əsli ilə sistemdəki məlumatları üzləşdirdikdən sonra qəbulu təsdiqləyir. Məlumatların bilərəkdən saxtalaşdırıldığı aşkar olunarsa, məktəbin qəbuldan imtina etmək hüququ var.

Qeydiyyat prosesində çətinlik yaşayan vətəndaşlar müvafiq Regional Təhsil İdarələrinin Çağrı Mərkəzlərinə zəng edə bilərlər. Eyni zamanda, portal.edu.az saytında “Vətəndaş müraciətləri” hissəsində öz rəy və təklifinizi yaza bilərsiniz.
Bununla yanaşı, MÜTDA-nın Vətəndaşlara Xidmət Mərkəzinə və ya aşağıda qeyd olunan ASAN xidmət mərkəzlərinə yaxınlaşaraq dəstək ala bilərsiniz:
- 5 saylı Bakı "ASAN xidmət" mərkəzi
- 6 saylı Bakı "ASAN xidmət" mərkəzi
- 7 saylı Bakı "ASAN xidmət" mərkəzi
- 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzi
- 1 saylı Gəncə regional "ASAN xidmət" mərkəzi
- İmişli "ASAN xidmət" mərkəzi
- Mingəçevir "ASAN xidmət" mərkəzi
- Masallı "ASAN xidmət" mərkəzi
- Şəki "ASAN xidmət" mərkəzi
- Tovuz "ASAN xidmət" mərkəzi
- Şamaxı "ASAN xidmət" mərkəzi
- Salyan "ASAN xidmət" mərkəzi
- Bərdə "ASAN xidmət" mərkəzi
- Sabirabad "ASAN xidmət" mərkəzi
- Balakən "ASAN xidmət" mərkəzi
- Şuşa "ASAN xidmət" mərkəzi

Tehsil-press.az

Oxşar xəbərlər