Oğlumu çağırandan sonra divara söykənib keçinmişdi...” – Xalq artistinin qızı

Oğlumu çağırandan sonra divara söykənib keçinmişdi...” – Xalq artistinin qızı Bu gün Xalq artisti, aktyor, rejissor Həsənağa Turabovun doğum günüdür. O, 1938-ci ilin 24 mart tarixində Bakı şəhərində anadan olub. 31 nömrəli orta məktəbdə təhsil alıb.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə ali təhsilini aktyorluq ixtisası üzrə başa vurub. Həmin ildən etibarən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb, ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987–2001-ci illər aralığında teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulub.

2003-cü ildə vəfat edib və "Qurd qapısı" qəbiristanlığında dəfn olunub. Aktyorun həyat yoldaşı Solmaz xanım ötən il vəfat edib.

Qızı Sevinc Turabova bildirib ki, bu gün atasının və anasının məzarını ziyarət edib, onların xatirələrini yad edib: “Atamdan sonra anamı da itirməyim həyatımda böyük bir boşluq yaratdı. Onların varlığı mənə güc verirdi. Çox gözəl ata və dost idi. Heç nəyi böyütməzdi. Qardaşlarıma da, mənə də deyərdi ki, heç nəyi davaya çevirməyək. İnsan səhv edə bilər, sadəcə, bu səhvin baş vermə səbəbini öyrənmək lazımdır. Hər şeyi bizə təmkinlə başa salardı. Çox qayğıkeş idi.

Bir dəfə Qubaya getmişdik, onun çəkilişi var idi. Mən orada bir qoz ağacının yaxınlığında yıxıldım. İnanmazsınız, o, özünü elə sürətlə mənə çatdırıb qucağına aldı ki, heç ağlamadım. Eldar Quliyevlə bulvarda gəzəndə məni də özü ilə aparırdı. Haçansa bizi cəzalandırdığını xatırlamıram. Mən oğlumun üstünə acıqlananda deyirdi ki, ona qışqırma, başa sal. Oğlum indi də babasının həmin sözlərini xatırlayır”.

S. Turabova bildirib ki, qardaşı Daşqının vəfatından sonra atasının səhhəti pisləşib və həyata marağı sönüb: “Fevralın 23-ü oturub söhbət etdik, özünü yaxşı hiss edirdi. Oğlum Daşqın da mənim otağımda idi. Ayağa durub dedi ki, Daşqın hanı? Elə bu an əlini divara qoyub dayandı. Oğlum otaqdan hay verdi. Atam divara söykənib durmuşdu. Başımı qaldırıb gördüm ki, atam elə vəziyyətdə keçinib. Hay-küy saldım, həkimi gəlib baxıb dedi ki, damarını tromb tutub. Onu qardaşımın yanında - Qurd qapısı qəbiristanlığında dəfn etdik. Ölümündən bir həftə əvvəl atam anamı çağırıb demişdi ki, mən ölsəm, oğlumun yanında basdırın”.

Qeyd edək ki, Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb. "Yeddi oğul istərəm" filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər yaddaqalan rolu "Babək" filmində yaratdığı Afşin obrazıdır. Həsən Turabovun "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək… Ürək…", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilir. "Qanlı zəmi" filminin isə rejissoru şəxsən özü olub. Onun son çəkildiyi filmlər Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya" filmləri olmuşdu.

Tehsil-press.az

Oxşar xəbərlər