BDU-da “Zəfərə aparan yol: Aprel döyüşləri” mövzusunda tədbir keçirilib

BDU-da “Zəfərə aparan yol: Aprel döyüşləri” mövzusunda tədbir keçirilib Bakı Dövlət Universitetinin (BDU) nəzdində “YENİ Klub”un və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol: Aprel döyüşləri” adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycan dövlətinin gücünün real ifadəsi kimi yadda qalıb. Bu qələbənin ideoloji təməli Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlətçilik strategiyasına söykənir. Onun əsasını qoyduğu ordu quruculuğu siyasəti müasir və güclü Silahlı Qüvvələrin formalaşmasını təmin edib. Bu xətt Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildi: “Aprel döyüşləri bu siyasətin ilk böyük uğurlu sınağı oldu. Ordumuzun qətiyyəti və peşəkarlığı düşmənə ciddi zərbə vurdu. Nəticədə Azərbaycan Ordusu Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi, həmçinin Lələtəpə yüksəkliyi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Ordumuzun tam nəzarətinə keçdi. Aprel zəfəri Vətən müharibəsinin başlanğıc nöqtəsinə çevrildi. Vətən müharibəsində Azərbaycan tam qələbə qazandı. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə dövlət suverenliyini tam bərpa etdi. Bununla da ölkəmizin ərazi bütövlüyü tam təmin olundu və Konstitusiyamızın hüquqi qüvvəsi ölkənin bütün ərazisində bərqərar oldu. Bu şanlı tarix gənclər arasında vətənpərvərlik ruhunun güclənməsinə  təkan verdi. Şəhidlərimizin qəhrəmanlığı və Ordumuzun rəşadəti cəmiyyətimizdə birlik və həmrəyliyin möhkəmlənməsinin parlaq nümunəsinə çevrildi”.

Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov qeyd edib ki, Aprel döyüşlərindən keçən 10 il Azərbaycanın geosiyasi və hərbi gücünün ardıcıl inkişafını açıq şəkildə göstərir. Aprel döyüşləri həm də Azərbaycan cəmiyyətində milli həmrəyliyin və dövlətçilik ideologiyasının güclənməsinə mühüm təsir göstərib: “Ermənistanın hərbi mifləri məhz bu döyüşlərdə dağıldı. Bu hadisə regionda yeni reallıqların formalaşmasına səbəb oldu. Aprel döyüşləri milli qürurun rəmzi və tam Zəfərin başlanğıcı kimi şanlı tariximizdə layiqli yerini tutur”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri, ərazi partiya təşkilatının sədri Amil Sefiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Samir İsmiyev, Aprel döyüşləri və Vətən müharibəsi qazisi Cümşüd Hüseynov və BDU-nun Heydər Əliyev Muzeyinin direktoru Afət Seyidzadə çıxışlarında bildiriblər ki, Aprel döyüşləri Azərbaycan ordusunun modernləşmə siyasətinin uğurla həyata keçirildiyini sübut edən mühüm hadisə idi. Bu təcrübə Vətən müharibəsində geniş tətbiq olundu. Çıxışlarda şəhid və qazilərimizin qəhrəmanlıq nümunələri xatırlanıb, onların Vətən sevgisinin gənc nəsil üçün örnək olduğu bildirilib.

Çıxışlardan sonra tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər