
Görüşdə Mədəni diplomatiya departamentinin rəhbəri Eszter Pap, mədəniyyət və təhsil diplomatı Monika Felföldi də iştirak ediblər.
ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri və qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan və Macarıstan arasında sıx iqtisadi, siyasi, elmi, mədəni əlaqələr mövcuddur. Beynəlxalq əlaqələrin inkişafı özünü elmi, mədəni sahələrdə də yüksələn xətlə göstərməkdədir. Macarıstanda fəaliyyətə başlayacaq Azərbaycan dili və mədəniyyəti mərkəzi haqqında danışan rektor, qarşılıqlı əlaqələrin qurulması istiqamətində əlverişli imkanların mövcudluğundan bəhs edib.
Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirən səfir ADU ilə əlaqələrin perspektivlərindən söz açıb. Bildirilib ki, Macarıstan universitetləri ilə ADU-nun əlaqələrinin möhkəmlənməsi istiqamətində səfirlik tərəfindən daima dəstək göstəriləcək.
Görüşdə Azərbaycan Dillər Universiteti ilə Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum yenilənib. 2022-ci il avqustun 2-də bağlanmış müqavilə yenilənərək 3 illik müddətinə uzadılıb.
Daha sonra səfir ADU-nun Macar Dili və Mədəniyyəti Mərkəzində olub, tələbələrlə görüşüb.
Tehsil-press.az