Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…

Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda… Azərbaycanda sosial təminat göstəricilərinin mövcud vəziyyəti açıqlanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, hazırda orta pensiyanın məbləği 594 manatdır. Onun sözlərinə görə, yaşa görə orta pensiya isə 632 manat təşkil edir.

Orta pensiya məbləği artırıla bilərmi?

Iqtisadçı Xalid Kərimli göstəricilərin Azərbaycanın mövcud iqtisadi və sosial vəziyyətini əks etdirdiyini bildirib:

“Orta pensiyanın məbləğini birbaşa artırmaqla bağlı ayrıca qərar yoxdur. Orta pensiya, ümumi pensiya məbləğinin təqaüdçülərin sayına bölünməsi ilə hesablanır. Pensiyaların artması üçün əsas şərt əmək haqlarının yüksəlməsidir. Çünki Azərbaycanda pensiya sistemi əməkhaqqına bağlıdır və pensiya kapitalında toplanan vəsait əsasında formalaşır. Vətəndaşlar “myGov” tətbiqi vasitəsilə öz pensiya kapitalına yığılan məbləği izləyə bilərlər. Əməkhaqqı nə qədər yüksək olarsa, pensiya kapitalına yığılan vəsait də bir o qədər artır və nəticədə daha yüksək pensiya almaq imkanı yaranır”, - o deyib.

İqtisadçı bildirib ki, orta pensiyanın artması birbaşa ölkədə iqtisadi inkişaf, ümumi əməkhaqqı səviyyəsindən, xüsusilə qeyri-neft sektorundakı maaşlardan asılıdır:

“İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, yeni iş yerlərinin açılması və əmək bazarında tələbin yüksəlməsi maaşların artımına, bu isə öz növbəsində pensiyaların yüksəlməsinə gətirib çıxarır. Minimum pensiyanın artırılması da müəyyən təsir göstərir. Minimum pensiyalarla bağlı məsələyə hökumət iki ildən bir baxır. Yəqin ki, ilin sonunda bu məsələ yenidən qiymətləndiriləcək və mövcud vəziyyətə uyğunlaşdırılacaq. Lakin ümumilikdə orta pensiyanın artımı üçün əsas amil əməkhaqqının yüksəlməsidir”.

Tehsil-press.az

Oxşar xəbərlər