Konfransın açılışında çıxış edən BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, kimya elmləri doktoru Farid Nağıyev bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev hər zaman milli adət-ənənələrimizin, milli irsimizin mühafizəsi, yaşadılması və inkişafı üçün müstəsna xidmətlər göstərib. Ulu Öndərin hakimiyyəti illərində bütün sahələrdə olduğu kimi, arxiv, muzey və kitabxana işində də yüksək nailiyyətlər əldə edilib, mədəni irsimizi mühafizə edən bu sosial institutlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Bu müdrik siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizin yaşadılmasına və qorunmasına əvəzsiz töhfələr verir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə misilsiz layihələr həyata keçirir.
Farid Nağıyev bildirib ki, 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş konfrans özünün aktuallığı ilə seçilir: “Bu əlamətdar gün yaradıcılığın, innovasiyanın və intellektual fəaliyyətin qorunmasının əhəmiyyətini ön plana çıxarır, əqli mülkiyyət institutlarının cəmiyyətin inkişafındakı rolunu bir daha diqqətə çatdırır. Müzakirə etdiyimiz milli irsin rəqəmsallaşdırılması mövzusu da məhz bu kontekstlə sıx bağlıdır. Rəqəmsallaşdırma prosesi milli-mədəni və elmi irsin qorunması ilə yanaşı, onun düzgün idarə olunması, hüquqi tənzimlənməsi və etik çərçivədə istifadəsini tələb edir”.
BDU-da bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs edən natiq qeyd edib ki, Universitetdə Əqli mülkiyyətin qorunması şöbəsi, Əqli mülkiyyət hüququ kafedrası fəaliyyət göstərir. BDU ilə Fransanın Lyon 2 Universiteti arasında imzalanmış müqavilə çərçivəsində “Əqli mülkiyyət hüququ” ixtisası üzrə ikili magistr diplomu proqramı həyata keçirilir: “İnformasiya və sənəd menecmenti fakültəsi də bu proseslərdə fəal iştirak edir. Fakültədə “Əqli mülkiyyət xidmətinin təşkili” fənni tədris olunur, əməkdaşlar tərəfindən bu sahə üzrə monoqrafiyalar, dərs vəsaitləri və məqalələr hazırlanır, buraxılış işləri və dissertasiyalar müdafiə olunur, konfranslar, ustad dərsləri, elmi seminarlar, təlimlər və ekskursiyalar təşkil olunmaqla elmi mühit daim zənginləşdirilir”.
Azərbaycan Milli Arxiv İdarəsinin rəisi, BDU-nun professoru Əsgər Rəsulov, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, fizika elmləri doktoru Hüseyn Hüseynov, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədli, BDU-nun Əqli Mülkiyyətin qorunması şöbəsinin müdiri Əfsanə Surxaylı, Abdulla Şaiqin ev-muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə, BDU-nun Əqli mülkiyyət hüququ kafedrasının müəllimi Aydan Məmmədova çıxışlarında konfransın mədəni irsin qorunması və rəqəmsallaşdırılması sahəsinə öz töhfələrini verəcəyini, mədəni irsimizi mühafizə edən sosial təsisatlarla Universitetin institusional əməkdaşlığını inkişaf etdirəcəyini bildiriblər.
Konfransın plenar iclasında BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının müdiri, dosent Sevda Xələfova “Mədəni irsin mühafizəsi: arxiv, muzey və kitabxana resurslarının inteqrasiyası” mövzusunda məruzə edib.
Sonda çıxış edən konfransın Təşkilat Komitəsinin sədri, BDU-nun Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov elmi tədbirin yüksək səviyyədə təşkilinə görə Universitet rəhbərliyinə, çıxış edənlərə və iştirakçılara minnətdarlığını bildirib. Qeyd edib ki, konfrans 2 gün ərzində öz işini bölmə iclasları ilə davam etdirəcək, bölmə iclaslarında ümumilikdə 40-dan çox məruzə dinləniləcək.
Tehsil-press.az







