Vahid Ələkbərov Füzuliyə niyə gəlibmiş?

Vahid Ələkbərov Füzuliyə niyə gəlibmiş? Bu həftə bərpa və yenidənqurma prosesinin sürətlə getdiyi Füzuli şəhəri siyasi və biznes elitasının diqqət mərkəzinə çevrilib. Belə ki, Füzuli şəhərində “LUKoyl” ASC-nin dəstəyi ilə inşa olunan 1 nömrəli uşaq bağçasının açılışı baş tutub.

Qeyd olunub ki, yeni uşaq bağçasının açılış mərasimində Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev və Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov da daxil olmaqla, geniş nümayəndə heyəti iştirak edib. Lakin tədbirin əsas fiquru “LUKoyl”un təsisçisi Vahid Ələkbərov olub.

Bildirilir ki, Füzulidə uşaq bağçası tikmək dünyanın ən böyük neft şirkətlərindən birinin azərbaycanlı kökənli təsisçisinin şəxsi təşəbbüsüdür. “Biz uşaqların rahat və təhlükəsiz mühitdə böyüməsi və dünyanı dərk etməsi üçün şərait yaratmağa çalışdıq. Bu layihə azad edilmiş ərazilərdə inkişafın və tam həyatın təmin olunmasının simvoludur”, - deyə Vahid Ələkbərov bildirib.

240 yerlik, 2,4 hektar ərazini əhatə edən bu obyekt ənənəvi uşaq bağçasından daha çox müasir təhsil mərkəzini xatırladır: burada hovuz, kompüter sinifləri, müasir emalatxanalar və xüsusi yemək istehsalı bölmələri mövcuddur. 2024-cü ilin mayında təməli qoyulan və rekord müddətdə istifadəyə verilən bu uşaq bağçası gənc ailələr üçün sabaha inam yaradan “dayaq nöqtəsi” rolunu oynayır.

V.Ələkbərov 1950-ci ildə Bakının Qaraçuxur qəsəbəsində anadan olub. Atası Yusif Ələkbərov müsəlman və azərbaycanlı, anası Tatyana Fyodrovna isə kazak və xristian idi.

O, Azərbaycan Neft və Kimya İnstitutunu 1974-cü ildə bitirib. Əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Neft Akademiyası) təhsil aldığı vaxt “Kaspromneft” müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayan Ələkbərov SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri “LUKoyl” şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək “LUKoyl” şirkətinə rəhbərlik edir.

İş adamı Larisa Ələkbərova ilə evlidir. Onların Yusif adlı 1 övladları var.

Tehsil-press.az

Oxşar xəbərlər