BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Farid Nağıyev tələbələrin hələ ilk kurslardan elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasının əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu yanaşma onların tədris prosesində qazandıqları biliklərin daha dərindən mənimsənilməsinə şərait yaradır. Həmçinin qeyd olunub ki, belə konfranslar gənc tədqiqatçılarda elmi nəticələrin təqdimatı, müzakirə aparmaq və suallara cavab vermək kimi mühüm bacarıqların formalaşmasında xüsusi rol oynayır.

Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafına göstərdiyi qayğıdan, müstəqillik illərində onun rəhbərliyi altında ölkəmizin keçdiyi inkişaf yolundan danışıb. O, Ümummilli Liderin layiqli davamçısı Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha böyük uğurlara imza atdığını, Qarabağın azadlığının gerçəkləşdiyini, azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini, uzun illər köçkün həyatı yaşayan vətəndaşlarımızın öz yurdlarına qayıdışının uğurla davam etdiyini qeyd edib. Dekan dövlət başçısının süni intellekt texnologiyalarının tətbiqinin və elmi potensialın gücləndirilməsinin gələcək inkişaf üçün əsas prioritetlərdən biri olması barədə fikirlərini xatırladaraq, bu istiqamətdə gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Konfransda hazırda BDU-da təcrübə keçən Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları da iştirak ediblər. Onların adından Daniyar Jakhanov çıxış edərək, konfransda iştirakın onlar üçün gözəl bir təcrübə olduğunu bildirib.

Fizika fakültəsinin tanınmış məzunu, uzun illər Meksika Dövlət Universitetində fəaliyyət göstərmiş Əməkdar elm xadimi, professor Natiq Atakişiyev tələbəlik illərindən və elmi fəaliyyətə başlama yolundan söz açıb, gənc tədqiqatçılara dəyərli tövsiyələr verib. Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov, Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri Aidə Əhmədova çıxışlarında elmi fəaliyyətdə uğur qazanmaq üçün davamlı zəhmətin vacibliyini vurğulayıb, konfransın işinə uğurlar arzulayıblar.

Konfrans plenar iclasla işini davam etdirib. İclasa Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov sədrlik edib. II kurs magistrantı İbrahim Nəhmədov “Kütləsi koordinatdan asılı kvant zərrəciyinin yeni hiperbolik potensialda hərəkəti”, I kurs tələbəsi Sevgi Şirinova “Fe₃O₄ nanohissəciklərinin ölçüdən asılı maqnit xassələri” mövzusunda təqdimatlar ediblər.

Konfransın ikinci hissəsində iş bölmələr üzrə davam etdirilib. “Nəzəri fizika və astrofizika” bölməsində 20, “Molekulyar fizika” bölməsində 21, “Bərk cisimlər fizikası” bölməsində 51, “Fizikanın tədrisi metodikası” bölməsində isə 38 məruzə dinlənilib. Sonuncu bölmədə Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları 6 məruzə ilə çıxış ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər