Növbəti sertifikasiya: “Bu dəfə yalnız güclü müəllimlər keçə biləcək”

Növbəti sertifikasiya: “Bu dəfə yalnız güclü müəllimlər keçə biləcək” Son illərdə müəllimlərin sertifikasiyası təhsil sisteminin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Nazirliyin açıqlamasına görə, birinci mərhələdə yalnız minimum biliklər yoxlanılıb. Bu isə növbəti sertifikasiyalarda sualların daha çətin olacağı ilə bağlı gözləntiləri artırır.

Belə olan halda təhsil ictimaiyyətini maraqlandıran əsas sual ortaya çıxır: Sertifikasiya tələblərinin ağırlaşdırılması müəllimlərin nəticələrinə necə təsir edəcək? Gələcək illərdə imtahandan kəsilən müəllimlərin sayı artacaq, yoxsa əksinə, sistem daha sağlam kadrlara hesablandığı üçün nəticələr yüksələcək?

Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev danışıb.

O bildirib ki, ilkin mərhələnin məqsədi zəif müəllimlərin prosesdən kənarlaşdırılması idi:

"Sertifikasiya imtahanının ilk mərhələsində suallar çox çətin olmamışdı. Suallar əsasən asan idi və xüsusilə də yarıdan yuxarısı demək olar ki, müəllimlərin rahat şəkildə cavab verə biləcəyi suallardan ibarət idi. Əlbəttə ki, bu, ilkin mərhələ idi, çünki burada daha çox onların əmək müqaviləsinə xitam verilməsi həyata keçirilirdi.

Biz həmin vaxt öz ixtisası üzrə pedaqoji fəaliyyəti olmayan, pedaqoji universiteti və ya pedaqoji fakültəni bitirməyən, yəni müəllimlik ixtisasına malik olmayan şəxslərin orta məktəblərdə işlədiyinin şahidi olduq. Bununla yanaşı, öz ixtisası üzrə minimum biliklərə malik olmayan müəllimlərin də məktəblərdə fəaliyyət göstərdiyi görünürdü. Sertifikasiya məhz bu halların aradan qaldırılması üçün həyata keçirilirdi. Onların əmək müqavilələrinə xitam verilməsi planlaşdırılırdı ki, artıq zəif müəllimlər orta təhsil müəssisələrində qalmasın".

Ekspert hesab edir ki, növbəti mərhələlərdə rəqabət daha ciddi olacaq:

"Çünki artıq bu imtahanda zəif müəllimlərin böyük qismi prosesdən kənarlaşdırılıb. Növbəti imtahana gələcək müəllimlər daha sağlam, daha hazırlıqlı kadrlar olacaq. Üstəlik, sertifikasiya imtahanının hər 5 ildən bir keçiriləcəyini nəzərə alsaq, növbəti imtahanlarda sualların mütləq şəkildə çətinləşdirilməsi gözləniləndir və bu, olmalıdır da.

Ciddi rəqabətin formalaşması üçün hesab edirəm ki, növbəti sertifikasiya imtahanlarında suallar daha çətin olacaq. Yəni əvvəlki imtahana nisbətən daha yüksək səviyyədə hazırlanacaq. Bu, reallıqdır və qaçılmaz faktdır. Çünki o asan suallardan kəsilən müəllimlər artıq hal-hazırda işləmirlər. Buna görə də növbəti sertifikasiya imtahanı güclü müəllimlər arasında aparılacağı üçün sualların əvvəlki imtahandakı kimi asan olacağına inanmıram".

Tehsil-press.az

Oxşar xəbərlər