Sosial şəbəkələrdə özəl ali təhsil müəssisələrinin bir çoxunda pedaqoji ixtisasların ləğv edilməli olduğu təklifi müzakirəyə çıxarılıb.Fikrə əsasən, bu addım pedaqoji ixtisasların keyfiyyətini artırmağa və nəticədə MİQ və sertifikasiya imtahanlarında daha yüksək nəticələr əldə etməyə imkan verə bilər.
"AzEdu.az"a mövzu ilə bağlı elm və təhsil eksperti Səbuhi Abdullayev açıqlama verib.
O, qeyd edib ki, bu qərar özəl ali təhsil müəssisələrinə ciddi təsir göstərə bilər və hətta bəzilərinin fəaliyyətinə son qoyulması ilə nəticələnə bilər:
"Ümumiyyətlə, pedaqoji ixtisaslara qəbulun azaldılması ilə bağlı da müəyyən müzakirələr aparılır. Məsələn, əsas səbəb kimi göstərilir ki, qəbul planı ilə vakant yerlər arasında kəskin fərq mövcuddur və buna görə də bu ixtisaslar üzrə qəbul sayının azaldılmasına ehtiyac yarana bilər.
Eyni zamanda qeyd olunur ki, məktəblərdə şagird sayının əvvəlki illərlə müqayisədə azalması gələcəkdə müəllimə olan tələbatın da azalmasına səbəb ola bilər. Digər bir səbəb isə bəzi fənlərin elektron formata keçirilməsi, mərkəzləşdirilməsi və rəqəmsallaşma prosesidir ki, bu da pedaqoji ixtisaslara olan ehtiyacın müəyyən qədər azalmasına gətirib çıxara bilər.
Bununla yanaşı, bu ixtisasların əsasən dövlət ali təhsil müəssisələrində saxlanılması daha ixtisaslı kadrların hazırlanmasına müsbət təsir göstərə bilər. Qısa desək, bu yanaşmanın əsas məqsədi pedaqoji ixtisaslara qəbul planının optimallaşdırılması və keyfiyyətin artırılmasıdır.
Digər tərəfdən isə bu qərar özəl ali təhsil müəssisələrinə ciddi təsir göstərə bilər və hətta bəzilərinin fəaliyyətinə son qoyulması ilə nəticələnə bilər".
Tehsil-press.az







