UĞUR HEKAYƏLƏRİ

UĞUR HEKAYƏLƏRİ Bu gündən biz, Anadolu Universiteti Azərbaycan Proqramları olaraq, səhifəmizdə yeni rubrika açmağı qərara aldıq. Bundan da öncə səhifəmizdə buna bənzər yazılar gedirdi. Lakin bu yazıların ümumi bir rubrikası mövcud deyildi. Biz bunu nəyə görə etdik? Ən başlıcası ona görə ki, Anadolu Universitetininin Azərbaycan Proqramları vasitəsilə təhsil alan gənclər üçün bir platforma yaratmaq, onları bir araya gətirərək, təhsildə və həyatda qazandıqları uğurlarla geniş auditoriyanı tanış etmək, onların təcrübə və biliklərindən digərlərinin yararlanması üçün bu imkanı yaratmaqdır.

HƏYATIMIN ƏN YADDA QALAN ANLARI
Rubrikamızın ilk qonağı Anadolu Universitetinin “İşletme” (Menecment) fakültəsinin məzunu Nargözəl Məmmədovadır.

Nargözəl xanım, qısa olsa da, özünüz haqqında oxucularımıza məlumat verərdiniz.
- Mən Ahısxa türküyəm. Valideynlərim Özbəkistanın Fərqanə şəhərində anadan olub, boya-başa çatmışlar. Lakin məlum səbəblərdən ötən əsrin 90-cı illərində ailəmiz Azərbaycanın dilbər güşəsi olan Gəncəbasara pənah gətirib. Elə mən də 1995-ci ildə burada, Türklər qəsəbəsində anadan olmuşam. Ailənin tək övladıyam. Orta təhsilimi İnsititut qəsəbəsində yerləşən orta məktəbdə almışam.

Bildiyimiz kimi, siz bu il məzun oldunuz. Bəs, sizdə Anadolu Universiteti Azərbaycan Proqramlarında oxumaq istəyi haradan yarandı?
- Məktəbi bitirdikdən sonra tərəddüd etmədən, Anadolu Universiteti Azərbaycan Proqramlarını seçdim və imtahan verərək, qəbul olundum. Nədən buranı seçdiyimə gəldikdə isə deməliyəm ki, ilk növbədə bu öz ana dilimdə təhsil almaq istəyimdən irəli gəlirdi. Uşaq yaşlarımdan elə Türkiyədə oxumağı arzulayırdım. Lakin ailənin yeganə övladı və həm də qız olduğum üçün, valideynlərim buna icazə vermədi. Lakin mən israrlı idim. Mətbuatdan Anadolu Universitində Türkiyəyə getmədən təhsil almaq imkanı olduğunu bildikdə, sevincimin həddi-hüdudu yox idi. Bax, beləcə, ömrümün ən ülvi arzusu çin oldu. Bu gün artıq məzun durumundayam.

Nargözəl xanım, təhsil aldığınız bu dörd ildə hansı yadda qalan hadisələr oldu?
- Belə hadisələr çox olub. Başlıcası odur ki, dörd illik proqramın mənimsənməsində elə bir problemim olmayıb. Sistemli olaraq dərslərimi oxumuşam. Sağ olsunlar, son illərdə bizi lazımi kitablarla da təmin ediblər. Anadolu Universitetinin özünün və Anadolu Universiteti Azərbaycan Proqramlarının elektron səhifələri vasitəsilə yetərincə bilik və məlumat almaq imkanı yaradılıb bizlərə. Odur ki, bütün imtahanları müvəffəqiyyətlə verdim və məzunluğu qazandım.

Bəs ən yaddaqalan hadisə hansıdır?
- Bildiyiniz kimi, hər il Anadolu Universitetinin dəyişilməyən bir ənənəsi mövcuddur. Bu da möhtəşəmliyi ilə seçilən “Mezuniyet Töreni”dir. Mənə Əskişəhərdə keçirilən bu ilki törəndə istirak etmək təklif olunanda, özümü dünyanın ən xoşbəxt insanı hiss etdim. İnanıram ki, bu bir neçə gün tədbirə qatılan məzunların hamısının yaddaşlarına ömürlük yazıldı. Orada mən özümü böyük, sarsılmaz və möhkəm təməli olan bir ailənin üzvü kimi hiss etdim. T.C. Anadolu Universitetinin rektoru Prof.Dr. Naci Gündoğan və onun rəhbərlik etdiyi çoxsaylı kollektivinin bizə göstərdiyi qayğını unutmaq qeyri mümkündür. Çox sağ olsunlar. Fürsətdən istifadə edərək, “2016 Mezuniyet Töreni”ndə iştirak etmək imkanını bizə bəxş edən Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmova öz dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Bu tarixi və yadda qalan günləri heç zaman unutmayacam.

Bir neçə kəlmə ilə öz gələcək planlarınızdan danışardınız.
- Hər bir gənc kimi, mənim də gələcək üçün planlarım və arzularım var. İlk növbədə çox işləmək həvəsim var. İnanıram ki, Anadolu Universitetində aldığım biliklərlə, qısa bir zamanda işə düzələ biləcəyəm. Təhsilimi də davam etdirmək arzum var. Magistr pilləsinə qalxmaq üçün müntəzəm olaraq məşğul oluram, biliklərimi artırıram. Çalışacağam ki, bu arzumu da reallaşdıram.

Sizə gələcək həyatınızda uğurlar və Anadolu Universitetinin məzunu olmaq adını layiqincə daşımağı arzu edirik.
- Minnətdaram. Şübhəsiz ki, Anadolu Universitetinin diplomuna sahib olmaq azdır, onu öz həyatınla doğrultmağı bacarmaq gərəkdir. Mən də bunu öz əməllərim və həyat tərzimlə sübüt etməyə çalışacağam.


Müsahibəni hazırladı: Mətləb Həsənov


UĞUR HEKAYƏLƏRİ

UĞUR HEKAYƏLƏRİ

UĞUR HEKAYƏLƏRİ

UĞUR HEKAYƏLƏRİ

UĞUR HEKAYƏLƏRİ

UĞUR HEKAYƏLƏRİ

UĞUR HEKAYƏLƏRİ

Oxşar xəbərlər