“MegaSec” MMC və “GlobalSoft” şirkətinin nümayəndələri Mingəçevir Dövlət Universitetinin əməkdaşlarına “Süni intellektlə gücləndirilmiş təhsil” mövzusunda vorkşop keçiblər

“MegaSec” MMC və “GlobalSoft” şirkətinin nümayəndələri Mingəçevir Dövlət Universitetinin əməkdaşlarına “Süni intellektlə gücləndirilmiş təhsil” mövzusunda vorkşop keçiblər 2026-cı ilin 13 fevral tarixində Mingəçevir Dövlət Universiteti və Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşkilatçılığı ilə təşkil olunan “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu” çərçivəsində “Süni intellektlə gücləndirilmiş təhsil: keyfiyyətin artırılması və dayanıqlı innovasiya” adlı vorkşop keçirilib.

Vorkşop Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı ilin 11 fevral tarixində “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirəsində səsləndirilən çağırışlara uyğun olaraq forumun proqramına daxil edilib. Tədbirin əsas məqsədi ali təhsil mühitində süni intellekt həllərinin tətbiqi, tədris prosesinin innovativ alətlərlə gücləndirilməsi və məlumatların təhlükəsizliyi ilə bağlı institusional yanaşmaların müzakirəsi olub.

Tədbir çərçivəsində “MegaSec” MMC və “GlobalSoft” şirkətinin mütəxəssisləri MDU-nun akademik və inzibati heyəti üçün süni intellekt həlləri, onların təhsil və tədris prosesinə inteqrasiyası, məlumatların təhlükəsizliyi, etik yanaşmalar, eləcə də AI əsaslı qiymətləndirmə və analitika alətləri üzrə təqdimatlarla çıxış ediblər. Təqdimatlar zamanı iştirakçılara real tətbiq nümunələri, praktik istifadə ssenariləri və ali təhsil müəssisələri üçün risklərin idarə olunması mexanizmləri barədə məlumat verilib.
Müzakirələrdə xüsusilə aşağıdakı istiqamətlər ön plana çıxıb:

AI ilə fərdiləşdirilmiş öyrənmə və tələbə nailiyyətlərinin analitik izlənməsi;

Tədris materiallarının hazırlanmasının optimallaşdırılması (məzmun planı, tapşırıqlar, rubrikalar);

Akademik dürüstlük və plagiat risklərinin idarə olunması;

Kibertəhlükəsizlik və məlumatların qorunması üzrə institusional yanaşmaların formalaşdırılması.

Sonda iştirakçıların sualları cavablandırılıb, ali təhsildə süni intellektin tətbiqi zamanı etik çərçivə, məlumatların məxfiliyi və təhlükəsizlik standartlarının qorunmasının vacibliyi vurğulanıb, həmçinin MDU ilə tərəfdaş qurumlar arasında bu istiqamətdə mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, vorkşop forumun innovasiya gündəliyini gücləndirməklə yanaşı, ali təhsildə keyfiyyətin artırılması, dayanıqlı inkişaf və rəqəmsal transformasiya məqsədlərinə xidmət edən praktiki platforma kimi qiymətləndirilib.

Tehsil-press.az

Oxşar xəbərlər