AİLƏLƏR NİYƏ DAĞILIR?

AİLƏLƏR NİYƏ DAĞILIR? Ailə özüdə kiçik dövlətdir. Bu dövlətin də təməli elə qoyulmalıdır ki, o möhkəm olsun, sonda ayrılığa gətirib çıxarmasın. Son zamanlar boşanmaların sayı artıb. Təbii ki, bunun da müxtəlif səbəbləri var. Bu səbəbləri aydınlaşdırmaq üçün hüquqşünas Ayaz bəy Əhmədovla söhbətləşdik:

- Azərbaycanda boşanma hallarının çoxalma səbəblərini nədə görürsüz?
- Səbəblər müxtəlifdir. İşsizlik, maddi imkansızlıq, mənzil problemi, erkən və məqsədli evlilik.

- Sadaladığınız səbəblər içərisində erkən nigahı da qeyd etdiniz. Bu haqda məlumat verərdiniz...
- Azərbaycan Respublikasının 10-cu maddəsində nigah yaşı kişilər üçün 18, qadınlar üçün 17 yaş təyin olunub. Qanunda göstərilən yaş həddindən daha tez evlilik cənub bölgəsində daha çox yayılıb. Bunda da ilk növbədə valideynlər günahkardır. Onlar öz övladlarını - əsasən də qızları orta təhsildən yayındırıb ailə qurmağa sövq edirlər. Təbii ki, hər bir valideyn istəyir ki, övladı xoşbəxt olsun. Ancaq təəsüf ki, erkən qurulan ailələrdə daha çox boşanma hallarına rast gəlinir. Dünyagörüşünün, kamil, fiziki, yetkinliyin, psixoloji hazırlığın tam formalaşmaması ailə dağılmasının əsas səbəblərindəndir. Belə evliliklərə yol verən valideynlərə izah olunmalıdır ki, qanunda göstərilən yaş həddi təsadüfən təyin olunmayıb. Ümumiyyətlə, ailələrin dağılması üçün münasibətlərin nizama salınması mexanizmi tətbiq olunmalı, bu mexanizmi idarə edən şəxs olmalıdır. Nigahların pozulması sahəsində kifayət qədər məhkəmə təcrübəsi olan hüquqşünas kimi qeyd etmək istərdim ki, müasir texnologiyaların inkişafı həyatımıza bir tərəfdən rahatlıq gətirirsə, digər tərəfdən isə mobil telefon, SMS, İnternet vasitələri ilə ünsiyyətin rahat, fərdi, gizli olması boşanmalara gətirib çıxarır.

- Boşanma səbəblərindən biri kimi məqsədli evliliyi də qeyd edirsiniz. Məqsədli evlilik deyəndə nəyi nəzərdə tutursunuz?
- Məqsədli evlilik dedikdə, başqasının əmlakını ələ keçirmək məqsədilə nigaha daxil olma nəzərdə tutulur. Belə hallarda tərəflərin biri nigah münasibətlərinə girərkən yalnız maddi sərvətlər əldə edərək izdivacı bitirmək məqsədi güdür. Məqsədli evlilikdən bu hala da rast gəlinir ki, <<bəy>> aldığı pulun müqabilində toy mərasimində bəy rolunda iştirak edir.
Bir neçə aydan sonra isə rəsmi nigah pozulur. Belə senarilərin motivləri müxtəlif olur.

- Bunun qarşısını almaq üçün hər hansı tədbir görmək mümkündürmü?
- Əlbəttə, mümkündür. Məqsədli evliliyin qarşısını almaq üçün dövlət öz qanun vericiliyində nigah müqaviləsinin bağlanmasını qeyd etmişdir.

- Nigah müqaviləsi məcburidirmi?
- Xeyr, məcburi deyil. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 38-ci maddəsində bildirilir ki, nigah müqviləsi nigaha daxil olan şəxslər arasında bağlanan, nigah dövründə və (və ya) nigah pozulduqda ər-arvadın əmlak hüquqlarını, vəzifələrini müəyyən edən sazişdir. Tərəflər arasında yaranan problemləri nigah müqaviləsi həll etməlidir. Maddənin məzmunundan göründüyü kimi, nigah müqaviləsi yalnız boşanmadan sonra əmlak münasibətlərini tənzimləyir.

- Bəzi ailələr bu müqaviləni bağlamaq istəmir ki, mentalitetimizə ziddir. Bu fikrə münasibətiniz.
- Doğru qeyd edirsiz. İnkişaf etmiş Qərb dövlətlərindən fərqli olaraq bizdə bəzi hallarda belə düşünülür ki, nigah müqaviləsi Azərbaycan xalqının milli mentalitetinə ziddir. Ümumiyyətlə, ailə qurarkən boşanma və boşanmanın hüquqi nəticələri barədə fikirləşməmək üstün tutulur. Nəzərə alınmalıdır ki, nigah müqaviləsi nigaha daxil olanların hər birinin mənafeyini qoruyan bir sənəddir. Burada utanılası heç bir şey yoxdur.

- Nigah müqaviləsini necə bağlamaq olar?

- Müqaviləni tərtib etmək üçün hüquq məsləxatnalarına, vəkillərə müraciət etmək məsləhətdir. Sonra isə müqavilə notariat kontorlarında təsdiq edilməlidir.

- Ailə dağıldıqdan sonra tərəflər arasında mülk və yaşayış problemləri yaranır. Bu haqda nə deyə bilərsiniz?

- Müqavilə olmadıqda, nigaha xitam verildikdən sonra ər-arvada məxsus mülkün qanuni rejimi Azərbaycan Respublikasının ailə qanunvericiliyi ilə nizama salınır. Ailədə uşaq varsa, anası ilə keçmiş ərin evində övladı ilə yaşamaq hüququ verilir. Ataya isə övladı yetkinlik yaşına çatana qədər aliment təyin edilir. Birgə nigah dövründə əldə etdikləri bütün əşyalar sonradan ər və arvadın ümumi mülkiyyəti hesab olunur və onlar arasında bərabər bölünür. Nigaha daxil olarkən onlara məxsus olan əmlak, habelə nigah dövründə hədiyyə şəklində və ya vərəsilik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətində olur. Bir daha qeyd edirəm ki, ailələr arasında mal-mülk problemlərinin yaranmaması üçün tərəflər arasında nigah müqaviləsi bağlamaq lazımdır. Müqavilə düzgün tərtib olunarsa, gələcəkdə yaranan hər hansı problem ardan qalxmış olar.

- Ailə quran gənclərə nə məsləhət verərdiniz?

- Əgər ailə dağılarsa, belə ailələrdə valideynlərdən daha çox uşaqlar əziyyət çəkir. Buna görə də gənclərimiz nigaha daha ciddi yanaşmalıdırlar ki, qurulan ailələrin də təməli hər zaman möhkəm olsun. Bütün Azərbaycan ailələrinə xoşbəxtlik arzu edirəm.


Müsahibəni hazırladı:
Kəmalə Rəhimli

Oxşar xəbərlər