
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə bildirib ki, elmi-mədəni əhəmiyyətə malik tarixi abidələrimiz öyrənilir, tədqiq olunur, qədim yaşayış məskənlərində arxeoloji qazıntılar, bərpa və konservasiya işləri aparılır. Ermənilərin işğal altında qalan torpaqlarımızda mədəni irsimizi məhv etdiyini xatırladan E.Qasımzadə konfransın yekunu olaraq bu istiqamətdə mühüm bir sənəd qəbul olunmasını və beynəlxalq təşkilatlara göndərilməsini təklif edib.
Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Zöhrab Pirimov söyləyib ki, Azərbaycan dövləti xalqımıza məxsus tarixi-mədəni dəyərlərin mühafizəsinə, tədqiqinə, tədrisinə və təbliğinə çox böyük önəm verir, son illər respublikamızda tarix və mədəni irsin qorunması istiqamətində ciddi işlər görülüb. Onun sözlərinə görə, 200 yüzdən çox abidədə bərpa-konservasiya, 50-dən çox abidədə elmi-tədqiqat işləri aparılıb, 5 tarixi ərazidə qoruqlar yaradılıb.
Konfrans məruzələrlə davam edib, Memarlıq fakültəsi məzunlarının buraxılış işləri müsabiqəsinin qalibləri təltif olunub. Onu da qeyd edək ki, tədbirdə AMEA-nın, elmi-tədqiqat müəssisələrinin, ali təhsil məktəblərinin nümayəndələri, dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.
AzMİU-nun Mətbuat Xidməti




