“Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda Beynəlxalq Elmi Konfransın işinə yekun vurulub

“Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda Beynəlxalq Elmi Konfransın işinə yekun vurulub Mayın 5-də Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr edilmiş “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda Beynəlxalq Elmi Konfransın BSU-da bağlanış mərasimi olub.
BSU-nun rektoru, professor Asif Hacıyev üç gün davam edən konfransın işi, proqram əsasında nəzərdə tutulmuş bölmələr, eyni zamanda Beynəlxalq Elmi Konfransla paralel keçirilən Tələbə-şagird konfransı barədə məlumat verib. Konfrans çərçivəsində baş tutan müxtəlif mövzularda dəyirmi masalar, xarici qonaqların tələbələrlə görüşündən söz açan Asif Hacıyev xarici və yerli alimlərə minnətdarlığını bildirib. “Biz çox şadıq ki, belə bir konfrans Prezident İlham Əliyevin Sərəncamında ayrıca bir bənd olaraq yer alıb. Azərbaycanda olan tolerant mühit bu gün dünyanın müxtəlif ölkəsindən gələn xarici alimləri bir araya toplayıb. Beynəlxalq Elmi Konfrans çərçivəsində 20 ildən çoxdur torpaqları işğal altında olan Azərbaycana aid tarixi faktlara, Qarabağ barədə fikirlərə aydınlıq gətirməyə şərait yarandı. Bunun sayəsində biz bir daha Azərbaycana məxsus torpaqların ermənilər tərəfindən işğal olunduğu gerçəyini dünyanın neçə ölkəsinə çatdıra bildik”. Rektor bu cür layihələrin davamlı olmasını arzu edib, iştirakçılara uğrular arzulayıb.
Bağlanış mərasimində Beynəlxalq Elmi Konfransda bölmələrə rəhbərlik edən xarici və yerli alimlərin bölmə iclaslarının işi barədə hesabatı dinlənilib. Azərbaycanda olmaqdan məmnunluqlarını bildirən qonaqlar konfransı “Multikulturalizm ili” çərçivəsində həyata keçirilən layihələrə elmi töhvə kimi dəyərləndirib, təşkilatçılara minnətdalıqlarını bildiriblər.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Azərbaycan ərazisində mövcud olan müxtəlif dinlərə məxsus məbədlərin tarixi barədə hazırladığı film nümayiş olunub. Bakı Slavyan və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetlərinin tələbələri, BSU nəzdində Məktəb Lisey Kompleksinin şagirdləri bədii kompozisiya təqdim edblər.
Qeyd edək ki, konfransa 330 yerli və xarici alimin məqalələri qəbul olunub. 10 ölkədən 21 qonaq (Rusiya, Bolqarıstan, Türkiyə, Gürcüstan, İtaliya, ABŞ, Qazaxıstan, Moldova, İsveç, Polşa), eləcə də Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Məhkəmə Ekspertizası Mərkəzi, AMEA-nın Elmi-Tədqiqat institutları və Naxçıvan Bölməsi, respublikanın 16 universitetinin nümayəndələri iştirak ediblər.

BSU-nun Mətbuat xidməti

Oxşar xəbərlər