Bakıda Yaponiyanın milli bayramı qeyd edilib

Bakıda Yaponiyanın milli bayramı qeyd edilib Yaponiyanın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - İmperatorun ad günü münasibətilə rəsmi qəbul təşkil edib.
Rəsmi qəbulda əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Səfir Tsuquo Takahaşi bildirib ki, Yaponiya İmperatoru yapon xalqının birlik rəmzidir və onun doğum günü milli bayram kimi qeyd olunur.
Azərbaycan ilə Yaponiya arasında əlaqələrdən danışan diplomat vurğulayıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığımızın bütün istiqamətlərdə inkişafına töhfə verir. İki ölkə arasında siyasi, iqtisadi, təhsil, mədəniyyət sahələrində, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq daha da dərinləşir.
Səfir ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Təhsil naziri Mikayıl Cabbarov əlamətdar gün münasibətilə yapon xalqını Azərbaycan hökuməti adından təbrik edib. O bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr genişlənir. Azərbaycanda həyata keçirdiyi bir çox layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını bildirən Mikayıl Cabbarov ölkələrimizin müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini vurğulayıb. Nazir əmin olduğunu bildirib ki, ikitərəfli münasibətlər gələcəkdə daha da möhkəmlənəcək və genişlənəcək.
Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bakıda Yaponiyanın milli bayramı qeyd edilib

Tehsil-press.az

Oxşar xəbərlər