ABŞ-ın yardımı ilə inşa olunmuş Laçın rayon Çıraqlı kənd orta məktəbinin açılışı olub

ABŞ-ın yardımı ilə inşa olunmuş Laçın rayon Çıraqlı kənd orta məktəbinin açılışı olub ABŞ Müdafiə Departamentinin (Pentaqon) Humanitar Yardım Proqramı və Hərbi Mühəndislər Korpusu vasitəsilə Abşeron rayonunun Masazır qəsəbəsində yeni tikilmiş Laçın rayon Çıraqlı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.
Açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Nazirlər Kabinetinin Qaçqın və məcburi köçkünlərin məsələləri üzrə şöbə rəhbəri Qurban Sadıqov, Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov iştirak edib.
Tədbirdə çıxış edən ABŞ səfiri Robert Sekuta deyib ki, yeni inşa edilən bu məktəb Laçın rayonundan olan məcburi köçkün uşaqlarının daha yaxşı təhsil almasına kömək edəcək. Səfir qeyd edib ki, bu layihə ABŞ-ın Müdafiə Departamentinin Humanitar Yardım Proqramı vasitəsilə həyata keçirdiyi 16-cı məktəb layihəsidir: “On yeddinci məktəbin gələn il Bərdənin Güloğlular kəndində tikilməsi planlaşdırılır. Laçın rayon məktəbi və digər məktəb layihələri ABŞ səfirliyinin Müdafiə Əməkdaşlığı İdarəsi vasitəsilə ABŞ-ın Avropa Komandanlığı və Hərbi Mühəndislər Korpusu ilə birgə həyata keçirilib. 2003-cü ildən etibarən ABŞ Müdafiə Departamenti Azərbaycanda məcburi köçkünlərə yardım məqsədilə məktəb tikintisi və su ilə təminat layihələri də daxil olmaqla, 22 humanitar yardım layihəsi üçün 5 milyon dollar ayırıb”.
Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli isə çıxışında 350 nəfərlik yeni məktəbin inşasında göstərdiyi yardıma görə ABŞ-ın Azərbaycandakı səfəri Robert Sekutaya xüsusi təşəkkürünü ifadə edib: “İnanıram ki, Azərbaycanın davam etdirdiyi sülh siyasətində xarici dövlətlər bizə yardım edəcək və işğal altında olan torpaqlarımızı geri qaytara biləcəyik”.

Təhsil Nazirliyi
Onlayn xəbər abunə xidməti

Oxşar xəbərlər