Məşhur polyak naşir BSU-dan yazdı

Məşhur polyak naşir BSU-dan yazdı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda təhsilimizin uğurları və qarşıda duran vəzifələr barədə fikirlərini yekunlaşdırarkən demişdi: “Azərbaycan dövləti təhsilin inkişaf etmiş dünyanın təhsilinə inteqrasiyası üçün əlindən gələni edir. Gənclər dövlət vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə oxumağa göndərilir, dünyanın nüfuzlu ali məktəblərindən tanınmış alim və professorlar Azərbaycanın ali məktəblərinə mühazirələr oxumağa gəlirlər. Biz bu inteqrasiya prosesini gələcəkdə də davam etdirməliyik”.
Dövlət başçısının göstərişlərini rəhbər tutan Bakı Slavyan Universiteti bu gün dünyanın onlarla nüfuzlu ali məktəbləri ilə sıx əlaqələr qurmuş, həmin ali məktəblərlə təhsilin demək olar ki, bütün sahələrində əməkdaşlıq etməkdədir. Hazırda Şərqi Avropanın əksər ölkələrində və keçmiş MDB məkanında Azərbaycan dilinin, mədəniyyətinin, elminin, təhsilinin, iqtisadi yüksəlişinin təbliği sahəsində BSU əvəzsiz xidmətlər göstərməkdədir. Dilimizin xarici ölkələrin ali məktəblərində BSU tərəfindən yaradılmış dil kurslarında və tədris-mədəniyyət mərkəzlərində əcnəbi tələbələrə öyrədilməsi ənənəyə çevrilmişdir. Həmin mərkəzlərdə eyni zamanda Azərbaycanın nümunə olaraq dünyaya təqdim etdiyi iqtisadi və siyasi modellər, respublikamızın sürətli inkişafının və regionda aparıcı dövlət olmasının səbəbləri, perspektivləri araşdırılır, gənc alimlərin tədqiqat obyektinə çevrilir.
Beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən universitet sözün həqiqi mənasında bu gün ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayır. Universitetdə müxtəlif ölkələrin mədəniyyətini, dilini, tarixini, etnoqrafiyasını, ədəbiyyatını və s. öyrənən on bir mərkəz fəaliyyət göstərir. Həmin mərkəzlərdə müvafiq olaraq dövlət başçıları, səfirlər, tanınmış ictimai və siyasi xadimlər azərbaycanlı gənclərlə görüş keçirir, onlara öz tövsiyələrini verir, mühazirələr oxuyurlar.
BSU-nun digər bir uğuru müxtəlif nüfuzlu əcnəbi alim və professorların, naşir, jurnalist və mədəniyyət xadmlərinin buraya dəvət olunması, tələbələrimiz qarşısında onların mühazirələrinin təşkil edilməsidir. Ötən tədris ilində Polşanın məşhur nəşriyyat evinin sahibi, qəzet və iki elmi jurnalın təsisçisi Adam Marşalekin BSU-ya gəlişi də belə addımlardan biri kimi dəyərləndirilə bilər. Bu günlərdə universitet əməkdaşları A.Marşalekdən qiymətli hədiyyələr alıb.
Belə ki, onun təsisçi olduğu “Exo” qəzetinin 213-214 və 215-216-cı saylarında BSU haqqında materiallar dərc olunmuşdur. A.Marşalek burada universitetdəki şəraitdən, BSU rektoru, professor Nurlana Əliyeva, prorektorlar Rafiq Novruzov və Əbülfəz Nağıyevlə görüşlərindən, universitetdə fəaliyyət göstərən Polyak Dili və Mədəniyyəti Mərkəzindən söhbət açmışdır. Onu da qeyd edək ki, ötən il A.Marşalekin qızı Yoanna Marşalek də BSU-da olub və tələbələr qarşısında silsilə mühazirələr oxumuşdur.
Xatırladaq ki, professor Yoanna Marşalek Polşa Siyasi Sistem üzrə Departamentinin müdiri, Polyak siyasi elmlər üzrə illik kitabın baş redaktoru, Şərq tədqiqatlarının direktorudur. O həmin vaxt Azərbaycana atasının təkidi ilə gəlsə də, çox tezliklə bu diyara ürəkdən bağlandığını qeyd etmişdi. Bakı Slavyan Universitetinin Avropanın ən yaxşı ali təhsil ocaqları ilə müqayisə oluna biləcəyini vurğulayan A.Marşalek “Exo” qəzetinin digər nömrəsində (215-216-cı saylarında) BSU-da çalışan almaniyalı professor Ziqlinda Hartman, Polşadan gəlmiş professor Danuta Pleçko ilə görüşlərindən də yazıb. Qəzetdə BSU-da təhsil alan gənclərin hazırladıqları ədəbi-bədii proqramlardan şəkillər və reportajlar da yer almışdır.
Adam Marşalek reportajında Bakıda azərbaycanlı tələbələrlə polyak dilində danışmaqdan məmnun olduğunu da bildirib. Bakını dünyanın ən müasir şəhərlərindən biri kimi dəyərləndirən A.Marşalek xalqımızın tolerantlıq və multikultural dəyərlərlə tanındığını, dünyaya bir model kimi çıxdığını da vurğulamışdır. O, Avropanın özündə dini, irqi, etnik və mədəni problemlərin yaşandığı halda, Azərbaycanın hər yerində multikulturalizmin hakim olduğunu bildirir. Bakıda olarkən tələbələrdən bir çoxunun etnik-mədəni kimliyi ilə
maraqlandığını qeyd edən naşir yazır: “Onların arasında çoxlu azlıqların nümayəndəsi var, amma görürəm ki, etnik-mədəni fərqlər tələbələr arasında, onların münasibətlərində heç bir problem yaratmır. Bu, həqiqətən dünya üçün çox yaxşı örnək sayılar biləcək bir haldır”.

BSU-nun Mətbuat Xidməti


Məşhur polyak naşir BSU-dan yazdıMəşhur polyak naşir BSU-dan yazdı



Oxşar xəbərlər