Rusiyalı tələbələr Bakı Slavyan Universitetində Azərbaycan dilini öyrənəcəklər

Rusiyalı tələbələr Bakı Slavyan Universitetində Azərbaycan dilini öyrənəcəklər Rusiya Dövlət Humanitar Universiteti (RDHU) və Bakı Slavyan Universiteti (BSU) arasında tədris və elm sahəsində qurulan əməkdaşlıq genişlənməkdə davam edir. Rusiya Dövlət Humanitar Universitetinin Beynəlxalq münasibətlər və xarici regionşünaslıq fakültəsinin bir qrup tələbəsi Bakı Slavyan Universitetinin yay məktəbində staj keçmək üçün Bakıya gəlib.
İyunun 14-də BSU-nun rektoru, professor Asif Hacıyev rusiyalı tələbələri qəbul edib. Görüş zamanı rektor universitetdə keçirilən yay məktəbi, buradakı fakültələr, o cümlədən Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi barədə gəncləri məlumatlandırıb, BSU-da təhsil alan yerli və əcnəbi tələbələr üçün yaradılan şəraitdən söz açıb. Azərbaycanşünaslıq üzrə təhsil alan rusiyalı tələbələrin staj keçmək üçün məhz Bakı Slavyan Universitetini seçmələrini yüksək qiymətləndirib.
Qeyd edək ki, iyunun 11-dən 25-ə qədər keçiləcək yay məktəbi üçün nəzərdə tutulmuş proqrama əsasən rusiyalı tələbələrə praktik Azərbaycan dili dərsləri ilə yanaşı BSU-nun aparıcı professor və dosentləri tərəfindən “Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə”, “Müasir Azərbaycan ədəbiyyatı”, “Azərbaycan beynəlxalq münasibətlər sistemində”. “Azərbaycanda dini tolerantlıq”, “Azərbaycanın ictimai fikir tarixi”, “Azərbaycan multikulturalizmi”, “Azərbaycan mədəniyyəti” mövzularında mühazirələr oxunacaq.
Proqramda gənclərin Bakının tarixi və mədəni yerləri ilə tanışılığı da nəzərdə tutulur. Tələbələr müxtəlif muzeylərə, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna, Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiyalar edəcək, Heydər Əliyev Mərkəzində keçirləcək britaniyalı heykəltəraş Riçard Dikonun “Digər tərəfdən” (On the Other Side), YAY Qaleriyasında rəssam Aida Mahmudovanın “UMWELT”, YARAT Müasir İncəsənət Məkanında “Little Lies” (“Kiçik yalanlar”) və Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda “Hissiyyat rəngləri” adlı sərgilər ilə tanış olacaqlar.

BSU-nun Mətbuat xidməti


Rusiyalı tələbələr Bakı Slavyan Universitetində Azərbaycan dilini öyrənəcəklər

Oxşar xəbərlər