
Faciə qurbanlarına məruz qalmış müəllimlərin, həkimlərin, tibb işçilərinin, eyni zamanda mədəniyyət və digər sahələrdə çalışanların işğalın ilk dövrlərində rastlaşdıqları çətinliklər, qismən olsa da arxada qalsa da, mənəvi ağrı-acını görmüş insanların düşmüş olduqları vəziyyət dondururulmuş əməkhaqlarının verilməsi dayandırıldıqdan sonra yenidən gərginləşmişdir.
Hər il mart ayının ortalarında Nazirlər Kabineti tərəfindən verilən məlum qərar təəssüflər olsun ki, 2017-ci ildə verilmədi. Bu da biz məcburi köçkünlərin haqlı narazılığına səbəb olmaya bilməzdi. Ona görə ki. iqtisadi qüdrətimizin və maliyyə imkanlarımızın 1994-cü illə müqayisədə nə qədər artması artıq heç kəsə sirr deyil. İşğaldan ötən 25 il ərzində sinif otağını 25 yaşında tərk etmiş müəllim və müəllimələr 50 və 60 yaş arasında olan şəxslərdən ibarətdir. Onlara verilmiş əmək haqqı və sosial sığorta kartları lazımsız əşya kimi əhəmiyyətini itirməkdədir. Belə çıxır ki, bu yaşda olan müəllimələr pensiya yaşlarına qədər acından ölməyə məhkumdurlar. Milli Məclisin deputatı Hadı Rəcəblinin düşünüb-daşınmadan müəllimin işdən sonra gedib hasar hörmələrini deməsi pedaqoji ictimaiyyətin, həmçinin əhalinin başqa təbəqələrinin haqlı narazılığına səbəb olmuşdur. Erməni işğalına məruz qalmış rayonlardan olan, məcbur edildiyimiz müharibənin amansız mərhumiyyətlərinə düçar olmuş müəllimələrin 25 illik fasilədən sonra yenidən gedib imtahan verməyə nə halı, nə də canları qalmışdır. Onların düşdüyü psixoloji durumu dərk emək üçün alim olmaq lazım deyil. Əgər belə olmasaydı dünya şöhrətli siyasətçi, xalqının bütün çətinliklərini müdrikcəsinə dərk edən, onların maddi rifah halının yüksəldilməsi üçün əvəzsis xidmətləri olan Ulu öndər Heydər Əliyev məcburi köçkün və qaçqınların həyat şəraitlərinin yaxşılaşdırılması üçün məlum qərar və sərəncamlarını verməzdi. İndi onların taleyini, əmək hüquqlarını və yaşayışlarını təmin etməkdən ötrü pensiya yaşına kimi sayı azalmış müəllimələrə əmək haqqının verilməməsi haqsızlıq və dözülməz hal kimi qəbul edilə bilər. 2018-ci ilin dövlət büdcəsi parlamentdə qəbul edilərkən Azərbaycan hökuməti sosial sahələrin inkişafına büdcənin yarıdan çoxunu ayırmışdır. Dövlət sosial sahələrə bu qədər diqqət və qayğı göstərdiyi halda, işğaldan ötən 25 il ərzində hazırda sayları azalan xətlə gedən, iş yerlərini itirmiş müəllimlərin dondurulmuş əmək haqlarının kəsilməsi qəbuledilməzdir. Ötən həftə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə çıxış edərkən ali dövlət təhsil müəssissələrində təhsil alan əlil olmuş tələbələrin ödənişli təhsil haqqından azad olmaqları barədə təklif verdi və eyni zamanda qeyd etdi ki, təhsil alan belə tələbələrin sayı elə də çox deyil. Məcburi köçkün düşərək sosial çətinliklər girdabında çabalayan müəllimənin əməkhaqqısının kəsilməsi fonunda hörmətli millət vəkillərinin onsuzda yüksək olan əməkhaqlarının 800 AZN məbləğində artırılması bu insanların mənəviyyatına vurulan ən böyük zərbədir. Hörmətli millət vəkili Zeynəb xanım Xanlarova üzünü məclis iştirakçılarına tutaraq görkəmli aktyor Rasim Balayevin müalicəsi üçün imkansızlığını dilə gətirərək Mədəniyyət və Turizm Nazirliyi və Səhiyyə Nazirliyinin hara baxdığını soruşdu. Bəli. Bu haqlı sual idi.
Burada tarixi bir həqiqəti oxucuların diqqətinə çatdırmağı özümüzə borc bildik. Fateh Makedoniyalı İsgəndər belə demişdir: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə məni yerdən göyə qaldırdı.”
Nazirlər Kabinetinin verilməyən müəmmalı qərarı daim hörmətlə və ehtiramla yad etdiyimiz müəllimləri nəinki, yerdən göyə qaldırdı, əksinə, onların gündəlik həyatını çətinliklərlə üz-üzə qoydu.
Bu qədər taleləri sual altında olan və cüzi maaşı (200 manatdan bir az çox olan) kəsilən, hər gün sosial problemlərlə üzləşən, hələ təqaüd yaşına 10-15 il qalmış, müqəddəs sandığımız müəllimlərimizin gələcək taleyini, onların sosial müdafiəsini təmin edən, uzun illərdir verilən və hazırda kəsilmiş əməkhaqlarının bərpası haqqında ədalətli qərarın verilməsini möhtərəm Prezidentimiz İlham Əliyev cənablarından böyük ümidlərlə gözləyirik.
Hikmət Əliyev
"Tehsil-press.az" İnformasiya Agentliyini əməkdaşı
"Tehsil-press.az" İnformasiya Agentliyini əməkdaşı