Tələbələr MM-in plenar iclaslarının keçirilmə prosesi, iclasların prosedur qaydaları və səsvermə mexanizmi haqqında məlumatlandırılıb, daha sonra iclas zalı ilə tanış olublar. Tələbələr həmçinin Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş muzeyi və Vətən müharibəsinə ithaf olunan “Zəfər Bucağı”nı ziyarət ediblər.
MM-in Aparat rəhbəri Fərid Hacıyev tələbələrlə görüşərək, onları Milli Məclisin sədri Sahibə Qafarovanın adından salamlayıb, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlər barədə məlumat verib. O, “Ümummilli Lider Heydər Əliyev – müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda geniş təqdimatla çıxış edərək, konstitusiya quruculuğunun tarixi inkişaf mərhələləri, Ulu Öndərin dövlətçilik ənənələrinin möhkəmləndirilməsində rolu və 1995-ci il Konstitusiyasının hazırlanması prosesindən bəhs edib.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ilk milli və hüquqi Konstitusiyanın müəllifi olduğunu vurğulayıb. O qeyd edib ki, Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra atdığı ilk mühüm addımlardan biri ölüm hökmünün icrasının dayandırılması olub, bu, böyük humanizm nümunəsi kimi tarixə düşüb. Dekan çıxışında həmçinin Konstitusiya layihəsini hazırlayan İşçi qrupunda Hüquq fakültəsinin müəllimlərinin təmsil olunmasının fakültə üçün xüsusi qürur olduğunu vurğulayıb. Zaur Əliyev bu cür maarifləndirici tədbirin təşkilinə göstərilən dəstəyə görə Milli Məclis rəhbərliyinə təşəkkürünü bildirib.
Dekan əlavə edib ki, Ümummilli Liderin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və insan hüquqlarının qorunması dövlət siyasətinin başlıca prioritetlərindən biridir.
Tədbirdə Hüquq fakültəsinin tələbələri də çıxış edərək öz təəssüratlarını bölüşüblər. Onların sözlərinə görə, bu görüş parlamentarizm ənənələrinin öyrənilməsi və praktiki biliklərin artırılması baxımından çox faydalı olub.
Tədbirdə həmçinin Mülki proses və kommersiya hüququ kafedrasının müdiri Əsmər Əliyeva və Milli Məclis Aparatının digər məsul əməkdaşları iştirak ediblər.
Tehsil-press.az











