Azərbaycanda ilk azad iqtisadi zona olacaq Ələt Azad İqtisadi Zonasının ərazisi genişləndirilir. Prezident İlham Əliyevin noyabrın 26-da imzaladığı fərmana əsasən AİZ üçün 1453 hektar əlavə torpaq sahəsi alınacaq.
Qeyd edək ki, Ələt AİZ-in yaradılması haqqında Prezident sərəncamı 2016-cı il mart ayının 17-də imzalanıb. 2020-ci ilin mayında dövlət başçısı “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Azad Zona və Azad Zonanın səlahiyyətli qurumu yaradılıb. Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqlar Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilib. Sərəncam və fərmanın əsas məqsədlərindən biri Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsindən ibarətdir.
Rəsmi açıqlamalara əsasən, azad zona Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə Xəzər hövzəsində ən böyük logistika mərkəzi olaraq fəaliyyət göstərməkdədir. Azad zona Avropa, Türkiyə, İran, Rusiya, Çin, Orta Asiya, Yaxın Şərq dövlətləri üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının iqtisadi əhəmiyyətini daha da artırır.
Ekspertlər hesab edirlər ki, müasir dövrdə azad iqtisadi zonalar ölkələrin xarici ticarət siyasətində önəmli yer tutur. Məhz buna görə də son illər dünya iqtisadiyyatının spesifik modeli sayılan azad iqtisadi zonaların yaradılması prosesi getdikcə sürətlənir.
Azad iqtisadi zona ölkə ərazisinin xüsusi rejim altında fəaliyyət göstərən bir hissəsidir. Bəzi ölkələr belə zonaları yaratmaqla böyük uğurlara imza atıblar. Məsələn, Dubay AİZ dünyanın ən uğurlu belə layihələrindən biridir. Ələt AİZ layihəsini də ilkin mərhələdə Dubayı yaradan DP World şirkəti hazırlayıb. İlkin olaraq AİZ-də idarəetmənin özəl biznesə verilməsi nəzərdə tutulsa da, sonradan fikir dəyişdi və dövlət idarəetməsinə üstünlük verildi. Ələt AİZ səlahiyyətli qurumunun rəhbəri Valeh Ələsgərovun "Report"a dediyinə görə, idarəetmənin dövlətdə olması ilə bağlı qərar dünya təcrübəsi nəzərə alınmaqla verilib. O bildirib ki, özəl idarəetmədə olan AİZ-lər uğurlu nəticələr əldə edə bilmirlər: “Əlbəttə ki, belə təcrübə var və bunu etmək mümkündür. Lakin əminliklə deyə bilərəm ki, təəssüf, bu təcrübənin nəticəsi uğurlu deyil. Uğurla fəaliyyət göstərən azad iqtisadi zonalara nəzər yetirdikdə görünür ki, İrlandiyada, Sinqapurda, Çində və digər ölkələrdəki zonaların hər biri dövlət sərmayəsi əsasında qurulub. Bunun başlıca səbəbi ondan ibarətdir ki, özəl şirkətlər üçün azad iqtisadi zonaya yatırım qoymaq və ya hazır infrastruktur yaratmaq kimi risklər götürmək çətindir. Belə ki, çox zaman həyata keçirilən layihələrin səmərəli olacağına dair idarəedici şirkət tərəfindən investordan zəmanət tələb edilir. Bu isə investor qarşısında yeni öhdəliklər yaradır və beləliklə, öhdəliyi olan investorun kredit almaq qabiliyyəti, habelə qiymətli kağzılarının dəyəri azalır. Digər tərəfdən isə azad zonanı idarə edəcək özəl şirkət tərəfindən lazımi öhdəliklər zamanında yerinə yetirilmədikdə məhkəməyə müraciət edilməli olur. Bu isə öz növbəsində həm investor, həm də özəl şirkət üçün əlavə vaxt itkisi və problemlər törədir”.
Bu baxımdan, Azərbaycan hökuməti ötən əsrin 60-cı illərində İrlandiyada yaradılan Şennon AİZ, həmçinin Sinqapur AİZ-in təcrübəsinə əsaslanıb: “İrlandiya təcrübəsində olduğu kimi, Sinqapurda da investorlara hazır infrastruktura malik sənaye torpaq sahələri təklif olunurdu, bu isə öz növbəsində, öncə də qeyd etdiyim kimi, investor üçün fərqli və cəlbedici təklifdir. Ələt Azad İqtisadi Zonası da məhz bu prinsip əsasında yaradılıb. Azad zonanın fəaliyyətini tənzimləmək və sözügedən prinsipi səmərəli şəkildə tətbiq etmək üçün tərəfimizdən cəlb edilmiş xarici məsləhətçilər vaxtilə Şennon Azad İqtisadi Zonasında 30-35 il çalışmış şəxslərdir. Onların da təcrübəsi bir daha sübut edir ki, vergilərdən və gömrük rüsumlarından azadolma investoru cəlb etmək üçün yetərli deyil, istifadəyə hazır torpaq sahələrinin olması da çox mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən, Ələt Azad İqtisadi Zonası yaradılarkən, hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş torpaq sahələrinin təmin edilməsi bizim üçün ən vacib məqamlardan biri idi”.
V.Ələsgərovun dediyinə görə, uğurlu AİZ layihələrinin hamısı dənizlərə - okeanlara çıxışı olan ərazilərdə yaradılıb. Ələt AİZ-də isə bu üstünlük yoxdur: Məlumdur ki, hazırda Azərbaycanda nəqliyyat infrastrukturu sürətlə inkişaf edir. Lakin investorlar üçün dənizə çıxışın önəmli olduğunu və ölkəmizin dənizə birbaşa çıxışının olmadığını unutmayaq. Məhz bu səbəbdən, sözügedən üstünlüyə malik ölkələrdəki azad zonalarla müqayisədə Ələt Azad İqtisadi Zonası daha cəlbedici olmalı idi. Əlbəttə ki, digər iqtisadi zonalarda olduğu kimi, Ələt Azad İqtisadi Zonasında da vergilərdən və gömrük rüsumlarından azadolma kimi güzəştlər mövcuddur. Ancaq qeyd etdiyim kimi, yalnız bu faktorla investorları maraqlandırmaq qeyri-mümkündür. Buna görə də istifadəyə hazır sənaye torpaq sahələri ilə yanaşı, qanunvericilik də çox mühüm önəm daşıyır. Bu səbəbdən, Ələt Azad İqtisadi Zonasının eksterritoriallığını, habelə Ələt Azad İqtisadi Zonasının fəaliyyəti, inkişafı və idarə edilməsini təmin edən Milli Məclis tərəfindən “Ələt azad iqtisadi zonası haqqında” Qanun qəbul edilib və Prezident tərəfindən Azərbaycan Respublikasının üstün qanunu kimi təsdiq edilib.
Qeyd etməliyəm ki, heç bir dövlət qurumu Ələt Azad İqtisadi Zonasının, habelə azad zonada qeydiyyatdan keçmiş hüquqi şəxslərin, maliyyə qurumlarının və bu hüquqi şəxslərin işçilərinin fəaliyyətini tənzimləmək kimi hüquqa sahib deyil. Eyni zamanda qəbul edilmiş qanuna əsasən, əsas iqtisadiyyatın cinayət qanunvericiliyi və cinayət yolu ilə əldə edilmiş digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, o cümlədən hədəfli maliyyə sanksiyaları haqqında qanunvericilik istisna olmaqla, digər qanunları Ələt Azad İqtisadi Zonasında tətbiq edilə bilməz. Ələt Azad İqtisadi Zonasının qanunvericiliyi ilə əsas iqtisadiyyatın qanunvericiliyinin müddəaları arasında hər hansı bir ziddiyyətin yaranmasının qarşısını almaq üçün əsas iqtisadiyyatın 90-dan çox qanununa Ələt Azad İqtisadi Zonasının qanunvericiliyinin üstünlüyünü təmin edən müvafiq dəyişikliklər və əlavələr edilib və bu proses davam edir".
Ələt AİZ-in yaradılmasına başlanmasından 9 il vaxt keçir, hələ ki zonada hansısa müəssisənin fəaliyyətə başlaması qeydə alınmayıb. Zonanın ilkin mərhələsi yalnız 2023-cü ildə başa çatdırılıb. Buna baxmayaraq, AİZ rəhbərliyi zonaya böyük marağın olduğunu deyir. Bildirilir ki, AİZ səlahiyyətli qurumu böyük marağı nəzərə alaraq, növbəti inkişaf mərhələsi olan 138 hektar ərazinin tikintisinə planlaşdırılan zamandan 18 ay öncə başlayıb. Bununla yanaşı, ağır sənayeyə olan tələbatı və artan marağı nəzərə alaraq, tikintisi iki il sonra planlaşdırılan ağır sənaye müəssisələri üçün ayrılmış 284 hektar ərazinin də tikinti işlərinə vaxtından əvvəl başlanıb. Bu işləri 2025-ci ilin sonunadək yekunlaşdırmaq nəzərdə tutulur.
Verilən məlumata görə, AİZ ərazisində birinci mərhələdə 60 hektar ərazi investorlara təqdim edilməyə hazırdır: “Yaxın vaxtlarda azad iqtisadi zonada 138 hektar ərazi investorlara təqdim ediləcək. Bir il yarımdan sonra növbəti 364 hektar ərazini investorlara təqdim edilməyə hazır olacaq. Azad iqtisadi zonanın azı 6 500 hektar ərazisi var. Buna görə də istənilən şirkətə istənilən həcmdə, ölçüdə ərazi təqdim etməyə hazırıq”.
V.Ələsgərovun dediyinə görə, indiyə qədər Ələt AİZ-də Çin, Hindistan, Rusiya, İsrail, Türkiyə və digər ölkələrdən olan şirkətlər qeydiyyatdan keçiblər: “Onlardan dördü artıq inşaat işləri aparır, iki şirkət isə bu ilin sonunadək razılaşdırılmış məhsulların istehsalına başlayacaq. Digər şirkətlər də tikinti mərhələsindədir və onların istehsal fəaliyyətinə gələn il və ondan sonrakı il başlanması planlaşdırılır”.
Gözləntilərə görə, AİZ ərazisində tikintisinə 2023-cü ildən başlanan beynəlxalq hava limanının inşası gələn ilin sonuna qədər başa çatdırılacaq, aeroportun açılışı isə 2027-ci ilin I rübündə baş tutacaq. Hava limanının sahibi “Silk Way West Airlines” aviaşirkətinin prezidenti və baş icraçı direktoru Volfqanq Mayerin dediyinə görə, yük aeroportunun yaradılması iqtisadiyyata, nəqliyyatın əlçatanlığına və bu ölkədə logistika sektorunun inkişafına böyük təkan verəcək: “Bu, "yaşıl" hava limanı olacaq. Damlarda günəş panelləri quraşdırılacaq, xidmət avadanlığı isə elektriklə təchiz ediləcək. Bu, gələcəyin hava limanı, dörd kilometrlik uçuş-enmə zolağı olan yük daşınması üçün istifadə edilən “yaşıl” hava limanı olacaq".
Hava limanı 750 hektardan çox ərazini tutacaq. I mərhələdə onun ötürücülük qabiliyyəti ildə 500 min ton yük təşkil edəcək, gələcəkdə isə bu rəqəmin 1,5 milyon tona çatdırılması planlaşdırılır.
Xatırladaq ki, indiyədək İsrailin "BioMax" şirkəti ilə Ələt AİZ-də tibbi məhsulların istehsalına dair, Çinin “Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd.” şirkəti ilə günəş panelləri istehsalı müəssisəsinin yaradılması haqqında, Macarıstanın “Hell Energy” şirkəti ilə illik istehsal gücü 700 milyon ədədə olan alüminium içki qutusu istehsalı müəssisəsinin yaradılmasına dair sazişlərin imzalandığına dair məlumat açıqlanıb. Zonanın digər rezidentləri barədə məlumata rast gəlmək mümkün deyil. Lakin yeni ərazilərin ayrılmasını AİZ-ə marağın artmasının göstəricisi kimi qiymətləndirmək mümkündür.
Yeri gəlmişkən, İrlandiyanın Şennon AİZ təcrübəsini sonradan bütün ölkəyə şamil etməsi ölkə iqtisadiyyatında sıçrayışlı inkişafa səbəb oldu. Azərbaycanın bu təcrübədən də bəhrələnməsi, iqtisadiyyata, sahibkarlara azad fəaliyyət mühiti yaratması zəruridir.
Tehsil-press.az









